Müəllif: Tamara Mustafayeva, Banco.az
“Starbucks Corp.” 1100 ofis işçisini işdən çıxaracağını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkət bununla məhsuldarlığın artırılmasını hədəflədiyini bildirib.
İxtisarlar şirkətin öz restoranlarından kənarda çalışan qlobal səviyyədə ofis işçilərinin təxminən 7%-ni təşkil edir.
Yenidən strukturlaşdırma qərarı yanvarda elan edilmişdi
Kofe nəhəngi satışların azalması səbəbilə sentyabr ayında vəzifəyə başlayan İcraçı Direktor Brian Nikkol yanvar ayında verdiyi açıqlamada yenidən qurulmaya gediləcəyini bildirmişdi. Rəsmi məlumata görə, işini itirən əməkdaşlara çərşənbə axşamına qədər məlumat veriləcək. Korporativ işçilərdən isə bütün həftə uzaqdan işləmələri tələb edilib.
Nikkol eyni zamanda “Starbucks”ın ABŞ menyusuna da dəyişikliklər etdiyini bildirib. Onun sözlərinə görə, şirkət əməliyyatları sadələşdirmək və müştərilərə daha sürətli xidmət göstərmək məqsədilə bəzi az populyar içkiləri menyudan çıxarıb.
Sentyabr ayına olan məlumata görə, “Starbucks” ABŞ-da 211 min nəfəri işlə təmin edir və onların 95%-i 10 mindən çox şirkətə məxsus mağazalarda çalışır. Digərləri isə korporativ və digər vəzifələrdə işləyir. ABŞ xaricində 150 min nəfər əməkdaş işlədən şirkətdə də oxşar nisbət mövcuddur.
İxtisarlar kafelərdə və ya anbar, istehsal, paylama və qovurma əməliyyatlarında çalışan işçilərə təsir etməyəcək.
İşdən çıxarılanlara dəstək veriləcək
“Starbucks”ın verdiyi məlumata görə, işini itirən əməkdaşlar 2 may tarixinədək maaş və digər sosial təminatlar alacaqlar. Bundan sonra isə iş stajlarına uyğun olaraq kompensasiya ödəniləcək. Həmçinin, digər sosial yardımlarla yanaşı, karyera keçid dəstəyi də təmin ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!