"Zoom" IV maliyyə rübündə xalis mənfəətini 23% artırıb | Banco.az

"Zoom" IV maliyyə rübündə xalis mənfəətini 23% artırıb

Müəllif - Eldar Kərimov - Banco.az

Uzaqdan konfrans bağlantısı xidmətləri təqdim edən Amerika şirkəti "Zoom Communications" (əvvəllər "Zoom Video Communications" kimi tanınırdı) dördüncü maliyyə rübündə xalis mənfəətini 23,1%, gəlirini isə 3,3% artırıb.

"Zoom"un mətbuat relizində qeyd edildiyinə görə, 31 yanvarda başa çatan rübün yekunlarına əsasən xalis mənfəət 367,9 milyon dollar və ya bir səhmə 1,16 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 298,8 milyon dollar və ya bir səhmə 0,95 dollar idi.

Birdəfəlik amillər nəzərə alınmadan mənfəət bir səhmə 1,41 dollar olub ki, bu da "FactSet" tərəfindən sorğulan analitiklərin 1,3 dollarlıq konsensus proqnozunu üstələyib.

Rüb üzrə "Zoom"un gəliri 1,15 milyard dollardan 1,18 milyard dollara yüksəlib və bu, bazar gözləntilərinə uyğun gəlib.

Maliyyə rübünün sonunda "Zoom"un şirkət-müştəri sayı təxminən 192,6 min olub, bu seqmentdə gəlir 5,9% artaraq 706,8 milyon dollara çatıb. Şirkətə illik 100 min dollardan çox gəlir gətirən istifadəçilərin sayı isə son bir ildə 7,3% artaraq 4088-ə yüksəlib.

"Zoom"un proqnozuna əsasən, birinci maliyyə rübündə gəliri 1,162-1,167 milyard dollar, düzəliş edilmiş mənfəəti isə bir səhmə 1,29-1,31 dollar təşkil edəcək. Cari maliyyə ili üzrə şirkətin proqnozu gəlirin 4,785-4,795 milyard dollar, düzəliş edilmiş mənfəətin isə bir səhmə 5,34-5,37 dollar olacağı istiqamətindədir. Bazar rüb gəlirini 1,18 milyard dollar, illik gəliri isə 4,81 milyard dollar səviyyəsində gözləyirdi.

Dördüncü maliyyə rübündə şirkət 4,3 milyon öz səhmini geri alıb.

Hesabatın dərcindən sonra bazar ertəsi əlavə ticarət zamanı "Zoom"un səhmləri 3,1% ucuzlaşıb.