İstanbul və Tokio arasında birbaşa uçuşlar başlayıb | Banco.az

İstanbul və Tokio arasında birbaşa uçuşlar başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

All Nippon Airways (ANA) 12 fevral 2025-ci il tarixindən etibarən İGA İstanbul Hava Limanı ilə Tokio Haneda Hava Limanı arasında birbaşa uçuşlara başlayıb.

Banco.az xəbər verir ki, Yaponiyanın ən böyük hava yolu şirkəti All Nippon Airways (ANA) 12 fevral 2025-ci il tarixindən etibarən İGA İstanbul Hava Limanı ilə Tokio Haneda Hava Limanı arasında birbaşa uçuşlara başlayıb. Həftədə üç dəfə həyata keçirilən bu reyslər B787-8 Dreamliner təyyarələri ilə icra olunur və sərnişinlərə rahat bir səyahət təcrübəsi təqdim edir.

Tokio Haneda hava limanının şəhərə yaxın yerləşməsi və geniş daxili uçuş bağlantıları İstanbuldan yola düşən sərnişinlər üçün böyük üstünlük yaradır. ANA prezidenti və Baş icraçı direktoru (CEO) Şiniçi İnoue yeni marşrutun Türkiyə və Yaponiya arasında turizm, ticarət və mədəni əlaqələri gücləndirəcəyini bildirib.

ANA-nın Avropa şəbəkəsi genişlənir

Stockholm, London, Frankfurt, Brüssel, Paris, Münhen və Vyana kimi Avropa şəhərlərinə uçuşlar həyata keçirən ANA 2024-cü ilin dekabrında Milan, 2025-ci ilin yanvarında isə Stokholm reyslərinə başlayaraq beynəlxalq bağlantılarını daha da genişləndirir.

Yapon qonaqpərvərliyi: "Omotenashi"

ANA uçuşlarında Yaponiya mədəniyyətinin ənənəvi qonaqpərvərlik fəlsəfəsi olan "Omotenashi" prinsipi tətbiq olunur.

  • Business Class sərnişinləri tam uzanan oturacaqlar, geniş ekranlı əyləncə sistemləri və peşəkar aşpazlar tərəfindən hazırlanmış menyuların dadını çıxara bilərlər.

  • Premium Economy və Economy Class sərnişinləri isə rahat oturacaqlar və zəngin ikramlarla komfortlu bir səyahət yaşaya bilərlər.

Dayanıqlılıq və innovasiya

ANA 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində yanacağa qənaət edən B787 Dreamliner filosu ilə ekoloji cəhətdən dayanıqlı uçuşlar həyata keçirir.
Daha böyük pəncərələr, geniş baş üstü bölmələri və bide xüsusiyyətli tualetlər ilə təchiz olunmuş Dreamliner təyyarələri ANA-nın əsas aviaparkının mühüm hissəsi olaraq sərnişinlərin səyahət təcrübəsini yeni bir səviyyəyə qaldırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram