Müəllif - Eldar Kərimov/Banco.az
Yaponiya avtomobil istehsalçısı Nissan Motor Co. üçüncü maliyyə rübündə xalis zərər qeydə alıb və cari maliyyə ili üçün də zərər proqnozlaşdırır.
Şirkətin press-relizində bildirildiyinə görə, oktyabr-dekabr aylarında xalis zərər 14,1 milyard yen (92 milyon dollar) təşkil edib. Halbuki, ötən ilin eyni dövründə Nissan 29,1 milyard yen xalis mənfəət əldə etmişdi. LSEG ekspertləri orta hesabla 5,68 milyard yen xalis mənfəət gözləyirdi.
Şirkətin əməliyyat mənfəəti 4,6 dəfə azalaraq 31,1 milyard yenə düşüb, gəliri isə 2% artaraq 3,16 trilyon yenə çatıb (bazar proqnozu – 3,153 trilyon yen).
Cari maliyyə ilinin ilk doqquz ayında Nissan-ın xalis mənfəəti 5,1 milyard yenə enib (ötən il bu göstərici 325,4 milyard yen idi). Əməliyyat mənfəəti 7 dəfədən çox azalaraq 64 milyard yenə, gəlir isə 0,3% azalaraq 9,143 trilyon yenə düşüb.
Şirkət nəticələrin pisləşməsini avtomobil satışlarının azalması, satış stimullaşdırma xərclərinin artması və inflyasiyanın mənfi təsirləri ilə izah edir.
Nissan-ın proqnozlarına görə, cari maliyyə ili üzrə xalis zərər 80 milyard yen təşkil edəcək. Əməliyyat mənfəəti üzrə proqnoz 150 milyard yendən 120 milyard yenə, gəlir üzrə proqnoz isə 12,7 trilyon yendən 12,5 trilyon yenə endirilib.
Cümə axşamı Tokioda keçirilən ticarət sessiyasında Nissan-ın səhmləri 0,3% ucuzlaşıb. Son 12 ayda isə şirkətin səhmləri 24,5% dəyər itirib.
Eyni zamanda, məlum olub ki, Nissan və Honda Motor arasında aparılan birləşmə danışıqları dayandırılıb. Şirkətlər bazar şəraitində baş verən sürətli dəyişikliklərə daha çevik reaksiya vermək üçün birləşməkdən imtina etməyi məqsədəuyğun hesab ediblər.