Dünyada qızıla tələbat rekord həddə çatıb | Banco.az

Dünyada qızıla tələbat rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ildə dünya üzrə mərkəzi bankların irimiqyaslı alışları və investorların marağının artması fonunda dünyada qızıla tələbat rekord həddə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) illik hesabatında deyilir.

Qeyd olunur ki, ötən il birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, qızıla qlobal tələbat 4554 ton təşkil edib ki, bu da 2023-cü ilin nəticələrindən 1% çoxdur.

Mərkəzi banklar ardıcıl üçüncü il aktiv şəkildə qızıl almağa davam ediblər və onların tələbi min tonu keçib.

İnvestisiya tələbi 25% artaraq dörd illik maksimuma - 1,18 min tona çatıb. Dəyər baxımından bu, 90 milyard dollar təşkil edir. Sənayedə isə qızıl istehlakı 2024-cü ildə süni intellektin davamlı tətbiqi fonunda 7% artaraq 326 tona çatıb.

Bununla belə, zərgərlik məmulatlarına tələbat 11% azalaraq 1877 tona düşüb (müvafiq olaraq zərgərlik sənayesində qızıla tələbat da azalıb). Qızılın qiymətinin artması səbəbindən istehlakçılar böyük miqdarda mal ala bilməyiblər. Baxmayaraq ki, dəyər baxımından zərgərlik üçün xərclər 9% artaraq 144 milyard dollara çatıb.