Müəllif:Ayşən İmanova/Banco.az
Norveç dünyada benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin bazardan tamamilə çıxarılacağı ilk ölkə ola bilər.
Banco.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Əhəmiyyətli neft və qaz ehtiyatlarına baxmayaraq, Norveç uzun müddətdir ki, yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin (NEV) tətbiqi üzrə dünya lideri hesab olunur. Bu ölkədə yeni avtomobillərin ümumi satışlarında elektrikli avtomobillərin payı 2010-cu ildəki 1 %-dən aşağı səviyyədən 2024-cü ildə 88,9 %-ə yüksəlib və bu tendensiya heç bir azalma əlamətləri göstərmir.
Norveçin İctimai Yollar İdarəsinin məlumatına görə, cari ilin ilk bir neçə həftəsində ölkədə satılan yeni minik avtomobillərinin 96 %-dən çoxu elektrikli avtomobillər olub. Bu nəticələr Norveçi NEV-lərə tam keçidə və ölkə qanunvericiləri tərəfindən ilk dəfə 2017-ci ildə qarşıya qoyulmuş məqsədə nail olmağa yaxınlaşdırır.
Norveçin nəqliyyat nazirinin müavini Sesiliya Knibe Kroqlundun sözlərinə görə, 2025-ci ildə ölkədə şəhər avtobuslarının tamamilə elektrikli avtobuslarla əvəz edilməsi, onilliyin sonuna qədər isə ağır yük daşıyan NEV-lərin payının 75 %-ə çatdırılması planlaşdırılır.