Kimlər karyera kouçluğu edə bilər? – Ahmed Kandemir cavabladı | Banco.az

Kimlər karyera kouçluğu edə bilər? – Ahmed Kandemir cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İnsanların peşəkar inkişafına, iş seçimi, karyera dəyişimi və peşəkar hədəflərə çatmasına kömək edən mütəxəssislərə karyera kouçları deyilir. 
Karyera kouçları fərdlərə və ya qruplara peşəkar məqsədlərini müəyyənləşdirməkdə, güclü və zəif tərəflərini analiz etməkdə, iş axtarışı strategiyalarını formalaşdırmaqda və müsahibələrə hazırlaşmaqda dəstək olurlar.

Karyera kouçunun əsas fəaliyyət sahələri barədə Banco.az-a açıqlama verən təlimçi uzun illərin peşəkar inkişaf mütəxəssisi Ahmed Kandemir bildirib ki, peşəkar karyera kouçluğu təkcə sertifikat əldə etməklə kifayətlənən bir peşə deyil:

“Son zamanlar hər yerdə karyera kouçu kimi terminlərə tez-tez rast gəlirik. Bir çox insan bu sahədə təlimlər alaraq müəyyən bir fəaliyyət göstərməyə çalışırlar. Bu cəhdlərə və insanların inkişaf üçün atdığı addımlara böyük hörmətlə yanaşsam da, düşünürəm ki, bu peşədə iş təcrübəsi vacibdir. Bu sahədə uğur qazanmaq və insanlara həqiqətən dəyərli dəstək vermək üçün həm də həyat təcrübəsi lazımdır. 

Ən sərfəli kredit üçün müraciət et

Əslində bu, çox dərin bir sahədir və bir çox vacib faktoru özündə birləşdirir. İnsanların həm iş, həm də şəxsi həyatına istiqamət vermək böyük məsuliyyət tələb edir”.

Ahmed Kandemir qeyd edib ki, sadəcə bir sertifikat və təlim ilə bu sahədə peşəkar fəaliyyət göstərmək yetərli olmaya bilər:
“Çünki bu, ciddi risklər daşıyan bir sahədir və insanların həyatına təsir edən qərarlara yön vermək xüsusi bilik və təcrübə tələb edir. Fərqli sahələrdə çalışmış, komandaları idarə etmiş və ya insan resursları, liderlik, satış, menecment kimi sahələrdə təcrübəsi olan şəxslər bu sahədə daha uğurlu ola bilərlər. Həmin şəxslərdə empatiya və dinləmə bacarığı yüksək olmalıdır. İnsanların güclü və zəif tərəflərini analiz edib, onların inkişafına dəstək verə bilməlidir.  Səmimi, güvən yaradıcı və motivasiyaedici olmalıdır. Kouç, insanlara reallığa əsaslanan məsləhətlər verməli, onların hissləri və vəziyyətləri ilə manipulyasiya etməməlidir”.