Müəllif:Ayşən İmanova/Banco.az
Dünya bankları qarşıdakı 3-5 il ərzində 200 minə qədər iş yerini ixtisar edəcək, çünki süni intellekt (AI) hazırda insanların yerinə yetirdiyi vəzifələri öz üzərinə götürməyə başlayır.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg Intelligence” (BI) tərəfindən aparılan araşdırmaya görə, aparıcı bankların informasiya və texnologiya xidmətlərinin rəhbərləri işçilərin orta hesabla 3%-nin ixtisarını gözləyir.
Baş analitik Tomas Notzelin fikrincə, ən çox zərbəni arxa ofis, əməliyyatlar və risklərin idarə edilməsi departamentlərindəki işçilər görəcək.
"Rutin və təkrarlanan tapşırıqları əhatə edən istənilən iş risk altındadır. Lakin süni intellekt bu vəzifələri tamamilə əvəz etməyəcək, əksinə, mütəxəssislərə olan tələbləri dəyişdirərək əmək bazarını dəyişdirəcək", - deyə Notzel qeyd edib.
Gözlənilən ixtisarlara baxmayaraq, analitiklər avtomatlaşdırmanın bank sektorunun gəlirliliyini artıracağına inanırlar. BI-nin proqnozuna görə, 2027-ci ilə qədər bankların vergidən əvvəlki mənfəəti 12-17% arta bilər ki, bu da sənayenin ümumi gəlirinin 180 milyard dollar artmasına bərabərdir.