Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə ekoloji həssaslıq və iqtisadi səmərəlilik məsələləri bütün dünyada olduğu kimi Azərbaycanda da aktuallaşıb. Bu kontekstdə elektrik və hibrid avtomobillərə olan maraq artmaqdadır.
Azərbaycanda bu sahəni dəstəkləmək məqsədilə müəyyən güzəştlər tətbiq edilir.
Elektrik avtomobilləri ilə bağlı mövcud qanunvericilikdə əsas üstünlüklər diqqət çəkir, lakin bəzi məqamların yenidən nəzərdən keçirilməsi ehtiyacı da gündəmə gəlir.
İqtisadçı Natiq Cəfərli Banco.az saytına verdiyi açıqlamada, Azərbaycanda elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlər barədə danışıb:
"Azərbaycanda maşınlarla bağlı elektrik və hibrid avtomobillərə müəyyən güzəştlər mövcuddur. Son üç ildə istehsal olunmuş elektrik avtomobilləri demək olar ki, bütün ödənişlərdən azaddır. Hibrid avtomobillərinə isə qismən güzəştlər tətbiq edilir. Amma bundan başqa hansısa yeni güzəştlərin tətbiq olunacağını düşünmürəm."
Natiq Cəfərli əlavə edib ki, güzəştlərin müddətini üç ildən beş ilə qədər artırmaq mümkündür:
"Sırf elektrik avtomobilləri ilə bağlı güzəştlərin üç ildən beş ilə qədər artırılması məqsədəuyğun olar. Çünki beş illik elektrik avtomobili ilə üç illik elektrik avtomobil arasında texnoloji baxımdan ciddi fərq yoxdur. Əgər bu məsələ ekoloji həssaslıqla bağlıdırsa, onlar eyni prinsiplərlə işləyirlər."
İqtisadçı həmçinin vurğulayıb ki, mövcud tənzimləmələrə baxmayaraq, bəzi hallarda məhdudiyyətlər əsaslı olmaya bilər:
"Hətta elə ola bilər ki, beş illik avtomobilin kilometrajı üç illik avtomobildən daha az olsun. Amma belə avtomobilləri ölkəyə gətirmək ya mümkün olmur, ya da böyük rüsumlar ödəmək tələb olunur. Bu illə bağlı məsələlərə yenidən baxılması daha doğru olardı."