Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq.
Banco.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək:
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artıralacaq
Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqları artacaq”.
Əmək haqqı artımları neçə faiz olacağı sualına cavab olaraq millət vəkili qeyd edib ki, vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir:
“Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Müəllim və həkimlərin maaşları məsələsinə diqqəti yönəldən millət vəkili qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqlarında artımlar olacaq:
“ Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.