Müəllif:Ayşən İmanova/Banco.az
“Tesla”, bu il təmir üçün geri çağırılan avtomobillərin sayına görə, əvvəlki üç ildə ən yüksək göstəriciyə sahib olan “Stellantis” və “Ford”u geridə qoyaraq lider olub.
Banco.az xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.
Qeyd olunub ki, “Tesla”, “Stellantis” (67) və “Ford” (62) ilə müqayisədə yalnız 15 geri çağırış elan edib. Lakin geri çağırılan avtomobillərin ümumi sayına baxdıqda elektrikli avtomobil istehsalçısı xeyli irəlidədir.
Ümumilikdə, müxtəlif geri çağırma kampaniyaları 5,1 milyon “Tesla” avtomobilinə təsir göstərib. Təkcə “Tesla Cybertruck” pikapları il ərzində ən azı altı dəfə geri çağırılıb.
“Stellantis” konserni aşkar edilmiş qüsurlara görə 4,7 milyon avtomobili, “Ford” isə 4,4 milyon avtomobili geri çağırıb. “Honda” ən çox geri çağırılanlar reytinqində dördüncü yerdə qərarlaşıb. Bu il onun 3,8 milyon avtomobili istehsalçının hesabına servis mütəxəssislərinin müdaxiləsini tələb edib. “General Motors”un göstəricisi isə xeyli aşağıdır - 1,9 milyon avtomobil.