İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ASA ilə görüş keçirilib | Banco.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ASA ilə görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru, professor Vüsal Qasımlı arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə sığortanın iqtisadiyyatda rolunun artırılması, sığorta sektorunda yeni trendlər və qurumlararası ikitərəfli münasibətlər geniş müzakirə olunub.

İİTKM-in İcraçı direktoru Vüsal Qasımlı çıxışında sığortanın Mərkəz və ölkəmiz üçün əhəmiyyətinə toxunub. Qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərində də sığorta inkişafı, xüsusilə də iqtisadiyyatda rolunun artırılması və hər il üçün 10%-lik böyümə ilə bağlı hədəf minimumu müəyyənləşdirilib. V.Qasımlı həmçinin sığorta sektorunda son illərdə real islahatlar fonunda aktiv böyümənin müşahidə olunduğunu da vurğulayıb.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev öz növbəsində sığorta sektorunda nəzarətedici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının bilavasitə iştirakı ilə həyata keçirilən islahatlar və ASA-nın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, yerli sığorta bazarı “Milli Prioritetlər” sənədində sığorta sektorunun böyüməsinə dair müəyyən olunmuş 10%-lik hədəf minimumunu 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə isə 26% böyümə ilə üstələyərək qeyri-neft sektoru üzrə ÜDM-dəki payını 1%-in üzərinə yüksəldə bilib. İcraçı direktor həmçinin yerli sığorta sektorunun beynəlxalq münasibətlərindən, o cümlədən ASA-nın həmtəsisçiliyi və 5 türk dövlətinin üzvlüyü ilə yaradılmış Türk Dünyası Sığorta Birliyindən də danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmaqda olan və sığortada yeni texnologiyaların qazandıracağı üstünlüklərdən bəhs edən “Insurtech” dərslik nəşri layihəsi haqqında müzakirə aparılıb.

Görüşdə həm sığortanın iqtisadiyyatda rolunun artırılması istiqamətində birgə addımların atılması, həm də qurumlararası ikitərəfli münasibətlərin sistemli təşkili yönündə razılığa gəlinib.