Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Şirkətlərin eyni xidmət üzrə yalnız bir tərəfdaşla əməkdaşlıq etməsi bir çox hallarda risklər yarada bilər.
Banco.az xəbər verir ki, bu məsələyə toxunan sığorta üzrə ekspert Rafət Bayramov bildirib ki, müəssisələrin bir neçə təchizatçı və ya xidmət təminatçısı ilə işləməsi alıcı şirkətlərin xeyrinədir və daha çox fayda təmin edir.
Ekspert qeyd edib ki, eyni xidmət üzrə bir neçə şirkətlə əməkdaşlıq etmək rəqabət üstünlüyü və dayanıqlı inkişaf üçün strateji addım hesab olunur:
“İlk növbədə, müxtəlif təchizatçılarla işləmək risklərin bölüşdürülməsini təmin edir. Tək bir tərəfdaşa bağlılıq xidmət fasilələri və keyfiyyət problemləri ilə şirkəti üz-üzə qoya bilər.Həmçinin bu yanaşma daha rəqabətli qiymətlərin əldə edilməsinə imkan yaradır. Bir neçə şirkət arasında rəqabət, xidmət keyfiyyətini artırmaq üçün təzyiq yaradır və nəticədə şirkətlər daha yaxşı nəticələr təqdim etməyə çalışırlar. Eyni zamanda, fərqli şirkətlərlə əməkdaşlıq müxtəlif təcrübə və innovasiyaların kəşf edilməsi üçün şərait yaradır”.
Rafət Bayramov bildirib ki, eyni xidmət üzrə bir neçə şirkətlə əməkdaşlıq, maliyyə, vaxt və resurs baxımından daha çox fayda təmin edir:
“Əməkdaşlığın şaxələndirilməsi müəssisələrə bazardakı dəyişikliklərə daha çevik reaksiya verməyə imkan yaradır. Bundan əlavə, tərəfdaş şəbəkəsinin geniş olması müəssisələrin öz müştərilərinə daha çevik və fərdiləşdirilmiş xidmətlər təqdim etməsinə kömək edir. Bu isə məhsul və xidmətlərdə müştəri məmnuniyyətini artıra bilər.
Rəqabətli əməkdaşlıq şirkətin strateji inkişafına da müsbət təsir göstərir. Şirkətlər həm riskləri bölüşdürür, həm də rəqabət mühitində mövqelərini gücləndirirlər. Bu, uzunmüddətli dayanıqlığın təmin edilməsində mühüm addımlardan biridir”.