Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın avtomobil şirkəti “Tesla”, uzaqdan insan idarəsi funksiyası (teleoperatorlar) ilə təchiz edilmiş robotaksilər xidmətini işə salmağı planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bu məlumat "Deutsche Bank"ın "Tesla"nın investorlarla əlaqələr üzrə rəhbəri ilə keçirdiyi görüşdən sonra açıqlanıb.
Şirkət eyni zamanda gələn ilin birinci yarısında daha ucuz model avtomobillərin istehsalına başlamağı planlaşdırdığını təsdiqləyib. Robotaksi xidmətinin ilkin mərhələdə Kaliforniya və Texasda istifadəyə verilməsi gözlənilir.
Bankın məlumatına görə, "Tesla" təhlükəsizlik və ehtiyat tədbirləri üçün ən azı başlanğıc mərhələsində teleoperatorlardan istifadə etməyi vacib hesab edir. Şirkət xidmətə tamamilə özünə məxsus avtomobil parkı ilə başlamağı və səfərləri izləmək üçün öz tətbiqindən istifadə etməyi planlaşdırır.
Bundan əlavə, "Deutsche Bank" "Tesla" səhmləri üçün hədəf qiyməti 295 dollardan 370 dollara qaldırıb. Bunun ardınca "Tesla" səhmləri birjalarda 1%-ə yaxın azalaraq 386,04 dollara düşüb.