6 oktyabr tarixində ölkənin ilk kommersiya bankı olan DəmirBank-ın fəaliyyətinin 24 ili tamam olub. 1989-cu ildə yaranan və əvvəllər Azərdəmiryolbank adı ilə fəaliyyət göstərən DəmirBank hazırda ölkənin aparıcı banklarındandır.
DəmirBank yarandığı gündən daim ölkənin maliyyə sektorunda ilklərə imza atıb. Belə ki, 1992-ci ildən etibarən ilk bank olaraq Açıq Səhmdar Cəmiyyətə çevrilib. 1998-ci ildən başlayaraq beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq etməyə başlayıb. 2004-cü ildə DəmirBank ölkənin özəl bankları sırasında ilk dəfə olaraq beynəlxalq reytinq alıb. Bankın səhmdarları sırasında 2005-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “25% + 1 səhm” və 2007-ci ildən Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) 10% səhm paketləri ilə təmsil olunurlar. Bankın əsas səhmdarları Azərbaycanın fiziki şəxsləri və iş adamları olmaqla, ümumilikdə 800 nəfərdən artıq səhmdarı var, bu isə ölkədə özəl banklar sırasında ən yüksək göstəricidir.
DəmirBank-ın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatlarının daxil olması mühüm əhəmiyyətə malikdir, belə ki bu beynəlxalq səviyyədə Banka etibarı bir daha əks etdirib və onun inkişafı üçün bir sıra yeni imkanlar yaradıb.
Son illərdə DəmirBank beynəlxalq səhmdarlarının dəstəyi (EBRD və FMO) ilə bir çox mühüm strateji layihələr həyata keçirir. Bank institusional inkişaf, korporativ idarəetmə, risklərin idarə edilməsi, daxili audit, marketinq fəaliyyəti, müştəri xidməti, kredit və digər əməliyyatlar, filial şəbəkəsi, informasiya texnologiyaları, insan resursları və digər sahələrdə mühüm işlər görür.
DəmirBank Cənubi Qafqazda ilk dəfə olaraq SAP proqram təminatını, o cümlədən Müştərilərlə Əlaqələrin İdarəedilməsi modulunu tətbiq edir. Proqram təminatının tam tətbiqi Bankın fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına, müştərilərlə işin və xidmətin keyfiyyətinin inkişafına imkan verəcək.
Kreditləşmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə DəmirBank müxtəlif beynəlxalq təşkilatlarla, eləcə də dövlət proqramları üzrə Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir. DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə uyğun olaraq əmanətlərin sığortalanmasını təmin edir.
Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində DəmirBank fəaliyyətini genişləndirərək, hazırda müştərilərə ən geniş çeşiddə bank xidmətləri göstərir. DəmirBank ölkədə ən geniş xidmət şəbəkəsinə malik banklardan biridir. Bankın 32 filialı fəaliyyət göstərir, bunlardan 13-ü Bakı şəhərində, 19-u isə ölkənin digər regionlarında yerləşir. Hazırda 900 nəfərdən artıq əməkdaşı olan DəmirBank, son illərdə bir sıra filiallarda yeni interyer tərtibat standartları tətbiq edilib və bu proses hazırda davam edir.
DəmirBank hazırda Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinqlər üzrə proqnozlar isə Bankın uğurlu inkişafını əks etdirir.
Bankın hazırda ümumi aktivləri 378 mln., müştərilərə verilən kreditlərin həcmi 295 mln., müştəri depozitlərinin həcmi 174 mln., əhalinin əmanətlərinin həcmi 143 mln., məcmu kapitalı isə 58 mln. manat təşkil edir. Bu göstəricilər Bankın inkişafını və bank sektorunda mövqelərini əks etdirir.
Fəaliyyətinin növbəti, 25-ci yubiley ilində DəmirBank strateji hədəflərinə uyğun olaraq inkişafı istiqamətində mühüm işləri davam etdirməyi nəzərdə tutur. Bu işlər yeni xidmətlərin tətbiqinə və müştəri xidmətinin yaxşılaşdırılmasına xidmət edəcək. Belə ki, müştəri xidmətinin yaxşılaşması istiqamətində onlayn bankçılıq, yeni bank xidmətlərinin tətbiqi, filial şəbəkəsinin genişlənməsi və digər işləri qeyd etmək olar.
DəmirBank fəaliyyətinin 24 illiyi münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.