Müəllif:Ayşən İmanova/Banco.az
“Microsoft” şirkəti yerli tətbiqləri quraşdırmaq və ya işə salmaq qabiliyyətinin olmaması ilə seçilən “Windows 365 Link” adlı qeyri-adi mini-kompüterini təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
Məlumata görə, işləmək üçün cihazın korporativ şəbəkəyə qoşulması tələb olunur və yeni məhsul “Windows 11”in bulud versiyasında işləyir.
“Windows 365 Link” istifadəçiləri “Office”, “Microsoft Teams”, “Webex” və digər proqramların bulud versiyalarından istifadə edə bilərlər. Məlumdur ki, qurğu iki 4K monitorun qoşulmasını dəstəkləyir və dörd USB portu, DisplayPort, HDMI, audio yuvası, Ethernet şəbəkə portu, həmçinin Wi-Fi 6E və Bluetooth 5.3 simsiz interfeysləri ilə təchiz edilib.
“Microsoft” şirkəti prosessorun dəqiq xüsusiyyətlərini, operativ yaddaşın və daimi yaddaşın həcmini açıqlamayıb, lakin ekspertlər hesab edirlər ki, aşağı güclü Intel prosessoru, 8 QB əməli yaddaş və 64 QB-lıq diskdən istifadə olunur. PK ölçüləri isə 120x120x30 mm-dir.
“Windows 365 Link”in şassisi 90% təkrar emal olunmuş alüminiumdan hazırlanıb. Bildirilir ki, cihazın enerji sərfiyyatı oxşar qurğular və əksər ofis kompüterləri ilə müqayisədə xeyli aşağıdır.
“Windows 365 Link”in əsas hədəf auditoriyası kommersiya şirkətləri və dövlət qurumlarıdır. Sistemin konfiqurasiyası asandır, avtomatik yeniləmələri dəstəkləyir və cihazları uzaqdan idarə etməyə imkan verir. Bulud PK satışlarının rəsmi başlanğıcı gələn ilin aprelində 349 dollar qiymətinə planlaşdırılır.