"Bu addım atılarsa, dünyada neftin qiyməti kəskin ucuzlaşa bilər" | Banco.az

"Bu addım atılarsa, dünyada neftin qiyməti kəskin ucuzlaşa bilər"

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Əgər Tramp vədinə uyğun olaraq iqlim dəyişikliyi layihələrini arxa plana keçirsə və öz resurslarını maksimum istismar etməyə cəhd göstərsə, ucuzlaşma qaçılmazdır”.

Banco.az xəbər verir ki,  bu fikirləri iqtisadçı Rövşən Ağayev deyib. O qeyd edib ki, hətta Tramp amili olmasa belə, dünyada ABŞ-siz alternativ enerjiyə sürətli keçid yaxın dövrdə bahalı neft erasını bitirəcək. İqtisadçı düşünür ki, bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər:

“Respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlərdə enerji bazarlarında ucuzlaşmalar müşahidə olunub. Demokratların hakimiyyətdə olduğu 1977-81-ci illərdə neftin qiyməti 12 dollardan 37 dollara qədər artıb. Xüsusilə də 1978-81-ci illərdə yüksək qiymətlər müşahidə edilib. Respublikaçıların hakimiyyətdə olduğu 1981-93-cü illərdə isə qiymətlər 37 dollardan 14 dollara qədər ucuzlaşıb. 1985-1989-cu illərdə qiymətlər davamlı olaraq aşağı səviyyədə qalıb və bu amil SSRİ-nin iqtisadi çöküşündə mühüm rol oynayıb.

Demokratların hakimiyyətdə olduğu 1993-2001-ci illərdə yenidən bahalanma başlayıb və qiymətlər 16-28 dollar intervalında dəyişib. Respublikaçıların hakimiyyətdə olduğu 2001-2009-cu illərdə kəskin bahalaşma müşahidə olunub və qiymətlər 24-110 dollar aralığında dəyişib. Oğul Corc Buşun dövrü sələflərindən fərqli olaraq çox bahalı neft dövrü kimi yadda qalıb. Məhz neft tarixində ən yüksək qiymətlər (149 dollar) onun hakimiyyət dövrünə təsadüf edir.

Ən sərfəli kredit üçün müraciət et

Bu bahalaşma demokratların hakimiyyətdə olduğu 2009-2016-cı illərdə də davam edib: qiymətlər 60-110 dollar intervalında dəyişib. Trampın liderliyi ilə respublikaçıların hakimiyyətdə olduğu 2016-2020-ci illərdə yenidən ucuzlaşma baş verib və qiymətlər orta illik olaraq 40-68 dollar aralığında dəyişib. Son üç ildə isə qiymətlər 80-95 dollar intervalında olub”.

Rəqəmlər göstərir ki, kiçik Buşun dövrü istisna olmaqla, respublikaçıların hakimiyyət dövrlərində qiymətlər ucuz, demokratların dövründə isə bahalı olub.

 Rövşən Ağayev onu da əlavə edib ki, son 15 ildə alternativ enerjinin maya dəyəri 5-7 dəfə ucuzlaşıb. Yeni texnologiyalar az qala hər il təkmilləşir. Dünya artıq 15 ilə yaxındır ki, enerji keçidi dövrünü yaşayır və qlobal gərginlik həm də bununla bağlıdır.