Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” cari maliyyə ilinin ikinci rübünün nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkət xalis mənfəətinin 55% azalaraq 537,7 milyard yen (3,78 milyard dollar) təşkil etdiyini bildirib.
“Toyota Motor”un əməliyyat mənfəəti də son iki ildə ilk dəfə olaraq 20% azalıb. Gəlir 0,1% artaraq 74,3 milyard dollara çatıb.
Rüb ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər az avtomobil satılıb - 2,42 milyona qarşı 2,3 milyon. İstehsalçı bütün maliyyə ilinin sonuna qədər 10,85 milyon avtomobil satılacağını proqnozlaşdırır ki, bu da bir il əvvəlkindən 2,2% azdır.
Qeyd olunur ki, şirkətin nəticələri yenin möhkəmlənməsini və Asiyada zəif satışları əks etdirir. Belə ki, Çində yerli istehsalçılarla şiddətli rəqabət şəraitində “Toyota Motor” satışları 14% azalıb. Bundan əlavə, Tailand və İndoneziyada satışlar əhəmiyyətli dərəcədə aşağı olub.
Bu arada, “Toyota Motor” rəhbərliyi əvvəlki illə müqayisədə 23 milyard dollar azalacağı gözlənilən illik mənfəətlə bağlı əvvəlki proqnozları təsdiqləyib. Hesabatın dərcindən sonra şirkətin səhmləri 1,7% bahalaşıb.