Dollara tələbat niyə artıb? – AÇIQLAMA | Banco.az

Dollara tələbat niyə artıb? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin 10 ayı ərzində Dövlət Neft Fondu Mərkəzi Bankla birlikdə təşkil olunan hərraclarda 5 milyard 919,4 milyon dollar satıb. Cari ilin yanvar-oktyabr aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında ümumilikdə 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.

Təkcə oktyabr ayında valyuta satışının həcmi 738,7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

Mərkəzi Bankın məlumatına əsasən dollara tələbat artsa da vəziyyət nəzarət altındadır. Bildirilib ki, Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb

Son günlər sosial şəbəkələrdə valyuta satışının kəskin artması ilə bağlı suala cavab olaraq iqtisadçı -ekspert Rövşən Ağayev açıqlama verib.  O buna səbəb kimi hökümətin ehtiyaclarının artmasını görür:

“Ötən ilə nisbətən Neft Fondundan büdcəyə transfertlər 3 dəfəyə yaxın artıb. Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə Fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb.

Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına Fondun satdığı valyutanı özü alırdı, əks halda dövlət büdcəsinin icrası mümkün olmazdı. Bu səbəbdən 2023-cü il ərzində MB-nin valyuta ehtiyatları 2 milyard dollardan çox artıb.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ildə şərait dəyişdi – işğaldan azad olunmuş ərazilərin xarici idxala olan tələbatının və ehtimal ki, hərbi xərclərin artması nəticəsində hökumətin idxal xərcləri bir anda 2 milyard dollar (təxminən 2 dəfə) yüksəldi. Bu halda, bazarda satılan dollar kütləsinin əsas alıcısı dövlət oldu.

İlin ilk 9 ayında dövlət sektoru idxal üçün bazardan təxminən 4 milyard dollar həcmində valyuta alıb. Ötən il bu rəqəm 2.2 milyard dollar idi”.

Özəl sektorun da idxalında təxminən 5 faiz genişlənmə olduğunu vurğulayan ekspert qeyd edib ki,  ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50 faizə yaxın artıb.

“Bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait 10%-ə yaxın artıb. Bunlar da xarici valyuta tələbini artıran amillərdir”.

Bəs hazırkı şərtlər devalvasiya şəraiti yarada bilərmi?

Bu suala cavab olaraq iqtisadçı vurğulayıb ki, tədiyə balansının cari hesablar bölməsində böyük həcmdə profisit yarandığı halda, valyuta axınlarına ən sərt şəkildə məhdudiyyət və nəzarətin tətbiq edildiyi şəraitdə devalvasiya real görünmür.

 “Neft Fondu il ərzində 7,5 milyard dollar satmalıdır. 9 ayın yekunlarına görə isə 5,5 milyard dollar satılıb. Son 3 ay üçün də 2 milyardlıq limit mövcuddur. Bu vəziyyətdə devalvasiyaya getmək real görünmür”.