Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Yaşıl iqtisadiyyat ilk növbədə biznes üçün yeni fəaliyyət sahələrinə investisiya imkanı yaradaraq seçim imkanlarını genişləndirir”.
Bu fikirləri Banco.az-a iqtisadçı Rəşad Həsənov deyib. Ekspert bu sahədə sahibkarların möbvcud problemlərinə toxunaraq qeyd edib ki, uzunmüddətli baxış üçün sahibkarlarıb taktiki gedişlər etməyinə ehtiyac var:
“Qeyd edim ki, dairəvi iqtisadiyyatı əhatə edən fəaliyyət sahələri, təkrar emal, tullantıların emalı və idarə edilməsi, yaşıl texnologiyaların istehsalı, davamlı mal və xidmətlərinin istehsalı, tədarükü təchizatı kimi sahələrdə geniş imkanlar vəd edir. Lakin, praktikada bu imkanlardan istifadə daha vizyonlu sahibkar baxışı, peşəkarlıq və uzunmüddətli həllərə etibar tələb edir.
Düşünürəm ki, Azərbaycan sahibkarı üçün çatışmayan məqamlar bunlardır. Bizim bəzi sahibkarlar bu günlə yaşayır, uzunmüddəti baxış onlar üçün əksər hallarda prioritet deyil”.
Ekspert qeyd edib ki, yaşıl transformasiya biznes üçün əlavə xərc yaratdığı üçün sahibkarın taktiki maraqlarına cavab vermir.
“Hesab edirəm ki, bu məqamda sahibkar vizyonu yaxud müqaviməti zəiflədəcək dövlət təşviqləri nəticəsində dövriyyəyə girməklə inkişafı irəli apara bilər”.