Trampın qələbəsi Almaniyaya 180 milyard avroya başa gələ bilər | Banco.az

Trampın qələbəsi Almaniyaya 180 milyard avroya başa gələ bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Donald Tramp qarşıdan gələn ABŞ seçkilərində qalib gələrsə, Almaniya iqtisadiyyatı 2028-ci ilə qədər 180 milyard avro itirə bilər.

Banco.az xəbər verir ki, bu proqnozu Almaniya İqtisadiyyat İnstitutunun (IW) analitikləri veriblər.

“ABŞ və Avropa arasında ticarət müharibəsi Trampın dörd illik prezidentliyi müddətində Almaniya üçün 180 milyard avroya qədər itki demək ola bilər”, - məqalədə deyilir.

Ən sərfəli kredit üçün müraciət et

IW analitikləri əmindirlər ki, Tramp Ağ Evə qayıtsa, idxal rüsumlarını 10-20% artıracaq. Qeyd olunur ki, belə tədbirlər alman şirkətlərinə zərbə vuracaq.

İqtisadçıların fikrincə, faiz artımından ən çox zərəri xarici bazar yönümlü avtomobil və maşınqayırma təşkilatları görəcək. Nəticədə, Almaniyanın ÜDM-i Trampın prezidentlik müddətinin sonuna kimi 1,5% azala bilər.

Qeyd edək ki, ABŞ-də 60-cı prezident seçkiləri 5 noyabr 2024-cü il tarixinə təyin edilib. Tramp Respublikaçıların maraqlarını təmsil edir, Kamala Harris isə Demokratlar Partiyasından namizədliyini irəli sürüb.