“Azərbaycanda hotellərdə ulduz sayı xidmət göstəricisidir” | Banco.az

“Azərbaycanda hotellərdə ulduz sayı xidmət göstəricisidir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son dövrlərdə Azərbaycanda hotellərin xidmət səviyyəsinin artırılması məqsədilə ulduz təsnifatı prosesi aktiv şəkildə həyata keçirilir. "Turizm haqqında" qanuna əsasən, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Bu təsnifat prosesi 300-dən çox meyara əsaslanaraq həyata keçirilir.

Banco.az xəbər verir ki, mövzu ilə bağlı danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov qeyd edib ki, Azərbaycan Hotellər Assosiasiyası tərəfindən yaradılan komissiya hotellərin müvafiq xidmət standartlarına uyğunluğunu yoxlayır. Otaqların təmizliyi, genişliyi, personalın keyfiyyəti və ümumi şərait kimi kriteriyalar qiymətləndirilir. "Ulduz dərəcələrinin verilməsi prosesi sürətli aparılır, lakin meyarlar kifayət qədər sərtdir," - deyə Aşurov vurğulayıb.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova da bu prosesin əhəmiyyətini vurğulayaraq, 200-ə yaxın hotelin artıq təsnifatdan keçdiyini, 40-a yaxın hotellin isə hələ də nöqsanlarını aradan qaldırmaq üçün vaxt verildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Hotellərin qiymətləndirilməsi sisteminin tətbiqi müştəri məmnuniyyətini artırmaqla yanaşı, sağlam rəqabət mühitinin yaradılmasına da xidmət edir. Bəzi ölkələrdə xidmət səviyyəsi fərqli simvollarla göstərilsə də, Azərbaycanda ulduz sayı hotellərin keyfiyyətinin əsas göstəricisidir.

Statistikaya gəldikdə isə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% artım deməkdir. Noyabr ayında isə bu qiymət 406,2 manata yüksəlib, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 4 dəfə çoxdur. Müqayisə üçün, İstanbul hotellərində yanvar-noyabr aylarında orta qiymət 164,3 manat, Gürcüstanda isə 132,3 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et