Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi çıxış edərək mühüm layihələrə imza atıb.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, eləcə də Asiya ilə Avropa arasında tranzit yüklərin daşınmasını sürətləndirən bu dəhlizlər Azərbaycanın logistika potensialını əhəmiyyətli dərəcədə artırıb.
Banco.az xəbər verir ki, bu ilin I yarısında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 7,8 milyon ton olub. Son 20 ildə Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılıb. Geosiyasi vəziyyətin dəyişməsi fonunda respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusilə Orta və Şimal–Cənub dəhlizlərinə maraq artıb. Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.
2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımaların həcmi, təqribən, 90 faiz artaraq 2 milyon tonu keçib. 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhlizin ümumi ötürücülük qabiliyyəti isə il ərzində 5,8 milyon ton yükə hesablanıb.
Xüsusilə, İran, Rusiya və Hindistanın birgə təşəbbüsü ilə formalaşan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Cənub Şərqi Asiya ölkələrindən yüklərin İranın limanları vasitəsilə Azərbaycan ərazisindən keçməklə Avropaya daşınmasını təmin edəcək. Bu dəhlizin tam işə düşməsi ilə yüklərin çatdırılma müddəti iki dəfə azaldılacaq.
Ekspertlərin fikrincə, “Şimal-Cənub” dəhlizinin tam fəaliyyətə başlaması ilə Azərbaycanın tranzit gəlirləri əhəmiyyətli dərəcədə artacaq və illik gəlirlər 2,5-3 milyard ABŞ dollarına çatacaq. 2030-cu ilə qədər dəhlizin yükdaşıma potensialının 24,7 milyon tona çatdırılması planlaşdırılır ki, bu da ölkəmizin regionun ən əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə böyük təkan verəcək.