Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin 14 ştatının baş prokurorları “TikTok” qısa video xidmətini məhkəməyə verib.
Banco.az xəbər verir ki, sosial media platformasının yeniyetmələrdə sağlam olmayan asılılıq yaratdığı və onların psixi sağlamlığına zərər vurduğu iddia edilir.
Əsas iddiaçılar arasında Nyu-York və Kaliforniya ştatlarının prokurorları yer alır. İddialar həmçinin İllinoys, Kentukki, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Şimali Karolina, Oreqon, Cənubi Karolina, Vermont, Vaşinqton və Kolumbiya dairəsindən də verilib.
Prokurorlar hesab edirlər ki, “TikTok”un əsas biznes modeli sosial media asılılığı yaratmağa yönəlib. Şirkət, uşaqları platformada mümkün qədər çox vaxt keçirməyə təşviq edir və bununla da reklam satışlarından əldə etdiyi gəliri artırır.
Bu asılılığı gücləndirmək üçün “TikTok” tövsiyə sistemi, gecə-gündüz bildirişlər, avtomatik video oynatma, müvəqqəti hekayələr və canlı yayımlar, “like”lar, şərhlər və gözəllik filtrləri kimi funksiyalardan istifadə edir. Xüsusilə gözəllik filtrləri yeniyetmə qızlarda özünə inamsızlıq hissini gücləndirir və platformadakı çağırışlar tez-tez istifadəçiləri həyat və sağlamlıq üçün riskli hərəkətlərə sövq edir.
Prokurorlar “TikTok”un “zərərli praktikasını” dayandırmasını və şirkətə cərimələr tətbiq edilməsini tələb edirlər. “TikTok” hələlik bu iddiaları şərh etməyib.