Müasir dövrün tələsi: Piramida sistemi necə işləyir? | Banco.az

Müasir dövrün tələsi: Piramida sistemi necə işləyir?

Müəllif:Mehin Qasımova/Banco.az

Müasir dövrdə piramida sisteminin ən çox dövriyyəyə malik olduğu ölkələrdən biri də Azərbaycandır.Təəssüf ki,bu platformaya qoşulanların sayı sürətlə artır.

Bəs piramida sistemi nədir?

Piramida sistemi sərmayə qoymaq, xidmətlər göstərməklə deyil, sistemdə iştirak edənlərin sayını artırmaqla gəlir vədinə əsaslanan iş modelidir. Piramida və yaxud da maliyyə piramidası adlanan bu sistem gəlirli investisiyaları təqlid edən saxta layihədir. Bir çox ölkələrdə piramida sistemi qadağan edilib.

Bəs piramida sistemi necə işləyir?

Bir qrup insanlar sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəyirlər. Bu sistemə görə piramidaya yeni daxil olan insanlardan müəyyən məbləğdə pul toplanır və toplanan pul ən sonda həmin piramidadakı üzvlərin mövqelərinə görə aralarında bölüşdürülür. Başqa sözlə, piramidaya yeni daxil olanlar əvvəllər piramidada olanlara gəlir qazandırırlar. İnsanlara inanılmaz yüksək faiz dərəcələri ilə pul yatırmaq təklif olunur, zəmanətli gəlir vəd edilir. Mümkün qədər çox iştirakçının piramidaya qoşulması təşkilatçılar üçün faydalıdır, çünki onların qazancı bundan asılıdır. Ümumiyyətlə sistem qeyri-şəffaf bir quruluşa malikdir.
Çox zaman piramida sxemlərinə sərmayə qoyan insanlar maliyyə itkiləri ilə üzləşirlər. 
Çünki sistem dayanıqlı olmayan struktura malik olduğu üçün bir müddət sonra çökür. Bəzən piramida oyunlarında iştirak edən insanlar psixoloji təsirlərlə üzləşə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu tipli oyunlar qanunsuzdur:

“Təəssüf ki, vətəndaşlarımız aldanmağa daha meyillidir. Rahat, yüksək gəlirli qazanc vədi insanlara həmişə maraqlı gəlir. İnsanlar bilməlidir ki, rahat, gəlirli biznes sahəsi yoxdur. Piramida oyunlarında təbliğ edilən biznes ideaları qanunsuz deyil, amma real  da deyil. Vətəndaşlar bunu bilə-bilə riskə girirlər. Şikayət olmadıqca hüquq – mühafizə orqanları bu tipli oyunlara müdaxilə edə bilmirlər. Çünki bu sistemi tərtib edənlər demirlər ki, bu piramida oyunlarıdır. İlk öncə irəli sürdükləri idea qanunsuz olmadığı üçün müdaxilə etmək olmur. Həmin insanlar biznes ideası adıyla insanları öz ətrafına toplayırlar. Şikayət olunduqdan sonra hüquq-mühafizə orqanları bu sistemlə məşğul olmağa başlayırlar. Bu sistemdə real biznes tranzaksiyaları yoxdur”.

İqtisadçı qeyd edir ki, insanlar müxtəlif profillidir:

“Bu gün çoxlu sayda yatırım alətləri var ki, insanlar əmlaka, qızıla, kriptovalyutaya, səhmlərə investisiya yatırırlar. İnsanlar qanunauyğun investisiya alətlərinə yatırım etsə, daha çox qazanc əldə edərlər”.

Ən sərfəli krediti almaq üçün müraciət et