Ölkələr haqqında maraqlı faktlar: Avstriya | Banco.az

Ölkələr haqqında maraqlı faktlar: Avstriya

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avropanın mərkəzində kiçik bir ölkə olan Avstriya dünyanın ən çox turist cəlb edən ölkələrindən biridir. Çünki bura köklü tarixə, qiymətli ümumbəşəri mədəniyyət sərvətlərinə və inanılmaz təbiət gözəlliklərinə sahibdir. Bu baxımdan Avstriyanın turizm cənnəti olması təəccüblü deyil. Xüsusilə Avstriya xalqının gündəlik həyatı, demək olar ki, bütün turistlərin çox maraqla qarşılayacağı davranışlar və vərdişlərlə doludur. Avstriya haqqında yəqin ki, əvvəllər eşitmədiyiniz 9 maraqlı faktı təqdim edirik:

1. Avstriyalılar hədsiz açıqsözlü olmaları ilə tanınırlar.

Avstriyalılar açıqsözlü şəkildə ünsiyyət qurmağı sevirlər, buna görə də bu mədəniyyətlə tanış olmayan ölkəyə gələn bir çox ziyarətçi onları kobud adlandırır.

2. Avstriyanın almanca adı “Österreich”dir.

Bu adlandırma ölkənin tarixi keçmişi ilə birbaşa bağlıdır. “Österreich” sözü “Şərq bölgəsi” mənasını verən “Ostarrichi” sözündən törəmişdir və Avstriyanın orta əsrlərdə digər ölkələrə münasibətini əks etdirir.

3. Avstriyalı ilə sağlam ünsiyyət qurmaq düşündüyünüz qədər asan deyil.

Mükəmməl Alman dilini bilsəniz belə, hər hansı bir avstriyalını başa düşməkdə çətinlik çəkə bilərsiniz. Çünki avstriyalılar gündəlik həyatlarında yalnız Avstriya mədəniyyətini yaxından bilən insanların anlaya biləcəyi söz və ifadələrdən istifadə edirlər.

Bununla belə, ölkədə çoxlu müxtəlif dialektlər var. Hətta bəzi bölgələrdə bir-birinə kifayət qədər yaxın olan rayonlar arasında da müxtəlif ləhcələrdən istifadə edilir və fərqli ləhcələrlə danışılır.

4. Xizək sürməyi bilməyən avstriyalıya rast gəlmək demək olar ki, mümkün deyil.

Avstriya çox əzəmətli dağlara sahibdir. Bu səbəbdən xizəksürmə demək olar ki, ölkənin rəsmi idman növüdür. Ölkənin əksər məktəblərində xizək dərsləri məcburidir.

5. Bu ölkədə taksilər ümumi nəqliyyat vasitəsi deyil.

Çünki bir çox avstriyalılar taksi və ya hər hansı digər nəqliyyat vasitəsindən istifadə etmək əvəzinə piyada getməyə üstünlük verirlər. Təbii ki, bu vəziyyət avstriyalıların sağlam həyat sürmək istəyi ilə də bağlıdır. Lakin özəl olaraq taksidən istifadə etməmək ənənəsinin bəzi səbəbləri də var.

Avstriyada taksiyə minmək çox vaxt qocalıq və ya zənginliklə əlaqələndirilir. Küçədə gəzən avstriyalılar taksiyə minən adamı görəndə elə düşünürlər ki, ya o, gəzmək üçün çox yaşlıdır, ya da hər hansı bir yerə getmək üçün gəzmək istəməyəcək qədər varlıdır.

6. Avstriyada universitet təhsili ömür boyu davam edir.

Avstriya hər yaşda olan vətəndaşlarına pulsuz və ömürlük universitet təhsili təklif edən ölkədir. Buna görə də Avstriyada bilik və təcrübələrini genişləndirmək və ya müxtəlif sahələrdə yeni təhsil səyahətinə çıxmaq istəyən hər yaşda olan tələbələrlə qarşılaşa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

7. Əcnəbilərə diqqətlə baxmaq ölkə mədəniyyətinin bir hissəsidir.

Bir çox cəmiyyətlərdə yad bir insanı diqqətlə izləmək qəribə və son dərəcə narahatedici hesab olunur. Amma Avstriyada hər şey bir az fərqlidir. Avstriyalılar əcnəbilərlə demək olar ki, narahat edəcək qədər maraqla baxırlar. Vyana küçələrində gəzərkən bir çox avstriyalının gözlərini üzərinizdə hiss etməyiniz mümkünsüz deyil.

Ancaq bu haldan narahat olmaq lazım deyil. Çünki ölkədə bu mədəniyyətin altında yatan ksenofobiya (əcnəbilərə qarşı nifrət, qorxu) və ya hər hansı mənfi fikir yoxdur. Həmçinin, narahatedici səviyyədə ola bilən bu baxışlar da yad adamın qeyri-adi və ya qəribə olduğunu ifadə etmir. Bu sadəcə Avstriya mədəniyyətinin əksidir.

8. Avstriya enerji ehtiyacının təxminən yarısını su elektrik stansiyalarından ödəyir.

Ölkənin çoxlu çayların vətəni olması və dağlıq coğrafiyada yerləşməsi su elektrik stansiyalarından geniş istifadəyə zəmin yaradan amillərdəndir.

Elektrik stansiyalarının ölkənin enerji ehtiyacının təxminən yarısını ödəyəcək qədər geniş yayılmasına səbəb olan amillərdən biri də Avstriyada təmiz və davamlı enerjiyə verilən önəmdir.

10. Ölkədə it vergisi var

Heyvansevər sözü avstriyalıları təsvir etmək üçün istifadə edilə bilən ən yaxşı sözlərdən biridir. Xüsusilə itlər Avstriyada çox məşhur canlılardır. Bu səbəbdən Avstriyada küçələrdə, restoranlarda və ya ticarət mərkəzlərində çoxlu ev heyvanlarına rast gəlmək mümkündür. Ölkədə itlərə olan bu sevgi maraqlı bir vergi növünün yaranmasına səbəb olub.

Avstriyada cinsindən asılı olmayaraq iti olan hər kəs vergi ödəməlidir. Bu maraqlı verginin məbləği şəhərdən şəhərə dəyişə bilər. Bir avstriyalı ilk bəslədiyi itə görə orta hesabla 72 avro ödəməlidir. İnsanın bəslədiyi itlərin sayı artdıqca ödəməli olduğu vergi də artır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et