Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Rəqəmsal dövrdə “Elektron müharibə” ilə üz-üzəyik. Üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “Rəqəmsal sui-qəsd” riski ilə üzləşmə təhlükəsidə artır”.
Bu fikirləri Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
O hesab edir ki, rəqəmsal dövrün ən böyük təhlükələrindən biri də "Elektron Müharibə Texnikaları və Rəqəmsal Sui-qəsdlər"dir.
“Kiber sənaye bu sahədə yeni bir mərhələ açaraq, rəqəmsal sui-qəsd anlayışını daha da dərinləşdirir. "Elektron Müharibə" və "Rəqəmsal Sui-qəsdlər" müasir və ya hibrid müharibələrinin ən kritik komponentlərindən biridir və bu sahədəki inkişaflar gələcək münaqişələrin və müharibələrin gedişatını müəyyən edəcəkdir.
Livanda baş verən rəqəmsal sui-qəsdlər göstərdi ki, kiber müharibələrdə elektron cihazlara kiber müdaxilə ilə mülki insanlar kütləvi şəkildə hədəfə çevrilə bilər. Bu cür sui-qəsdlərdə istifadə etdiyimiz elektron cihazlar və onların daxilindəki partlayıcı maddələrdən istifadə edilə bilər.
Düşünürəm ki, inkişaf etmiş ölkələr rəqəmsal sui-qəsdlərdən müdafiə strategiyası formalaşdırmağa başlayıb”:
Artıq bir neçə ölkədə "Kiber ordu" formalaşdığını vurğulayan ekspert onu da qeyd edib ki, rəqəmsal transformasiyadan öncə güclü kiber müdafiə hazırlığı olmalıdır.