Qlobal borclar ilin birinci yarısında rekord vurub | Banco.az

Qlobal borclar ilin birinci yarısında rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal borclar ilin birinci yarısında 312 trilyon dollara yüksəlib.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal borc monitorinqi" hesabatını dərc edib.

Hesabata görə, ilin birinci yarısında qlobal borcun məbləği təxminən 2,1 trilyon dollar artaraq 312 trilyon dollara çatıb.

Bu dövrdə qlobal borc artımı ötən ilin birinci yarısında qeydə alınan 8,4 trilyon dollar artımdan xeyli aşağı olub. Ötən ilin eyni dövründə qlobal borcun həcmi 302,4 trilyon dollar olaraq hesablanmışdı.

Qlobal borc artımının böyük hissəsi Çin və ABŞ-dakı borclanma hesabına baş verib. Hindistan, Rusiya və İsveç də qlobal borcun artmasına töhfə verib. 

Ümumi borc məbləğində əhəmiyyətli azalma isə bir çox Avropa ölkələrində və Yaponiyada qeydə alınıb.

İlin ikinci rübündə inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 210,5 trilyon dollar olaraq hesablandığı halda, inkişaf etməkdə olan bazarların borcu 101,3 trilyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal borc bölgüsünə nəzər salsaq, görürük ki, bu dövrdə ev təsərrüfatlarının borcları 59,6 trilyon dollara, qeyri-maliyyə şirkətlərinin borcları 89,6 trilyon dollara, dövlət borcları 91,7 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinin borcları isə 70,9 trilyon dollara yüksəlib.

Qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 327-328 faiz aralığında dəyişib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et