FED-in yeni qərarı dollara necə təsir edəcək? | Banco.az

FED-in yeni qərarı dollara necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (FED)  faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki,  FED faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25% -5,50% aralığından 4,75% -5,00% faiz aralığına endirib. Bu, Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri etdiyi ilk faiz endirimidir.

Mövzuya münasibət bildirən iqtisadçı Elman Sadıqov bildirib ki,  bazarlarda ajiotaj yaratmamaq, faiz endirimləri dövrünə yüksək deyil, daha aşağı və gözlənilən faiz endirimləri ilə başlamaq daha düzgündür:

“Burada yumşaq enişə (soft landing) nail olmağa çalışmaq daha məntiqlidir. Düşünürəm ki, 0.25 faiz bəndi endirim ehtimalı daha yüksəkdir. Hesab edirəm ki, artıq dünya maliyyə bazarları və qlobal iqtisadiyyat yeni bir dövrə qədəm qoyur. Bu isə əlbəttə dünya birjalarına, əmtəə qiymətlərinə, hər bir ölkəyə, o cümlədən ölkəmizin də iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, dolların faiz dərəcəsi düşdüyü üçün dolların xeyrinə olan “carry trading” əməliyyatları azalır:

“Ümumiyyətlə isə faizi düşən valyutanın digər valyutalar qarşısında dollar indeksi aşağı düşür. Avronun dəyər qazanması da bu vəziyyətdə təbiidir.  İllik inflyasiya dərəcəsinin 2.5%-dən 2.2%-ə enməsi, işsizlik faizinin 4.2%-dən 4.4%-ə qalxması fonunda 0.5% endirim normaldır. Çünki göstəricilər gözləniləndən çox güclüdür.

Bazarlar üçün də nisbətən şok dalğası yaratdı. Dollar indeksi düşərək 100.2 oldu. Qızılın 1 unsiyası 2600-ə yaxınlaşdı. Dalğalanmalar davam edir.

Bu qərar digər ölkələrin Mərkəzi Banklarına nisbi təsir göstərəcək. Çünki, faiz qərarı təkcə dolların faiz dərəcəsindən asılı deyil, əsas göstərici inflyasiya, işsizlik dərəcələri və biznes mühitindəki vəziyyətdir”.

Elman Sadıqov qeyd edib ki, FED daxil olmaqla bütün Mərkəzi Bankların əsas mandatı ölkədə qiymət sabitliyi və inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasıdır.