Azərbaycanda bu il bal istehsalında vəziyyət necə olacaq? | Banco.az

Azərbaycanda bu il bal istehsalında vəziyyət necə olacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“2024-cü il mövsümündə əvvəlki illərdən fərqli olaraq təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan bölgələr deyil, əlavə olaraq daha 8 rayonda fəaliyyət göstərən arıçılara da öz təsərrüfatlarını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək icazəsi verilib. Nəticə etibarilə builki mövsümdə portalda 4217 qeydiyyatdan keçmiş arıçı ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb”.

Banco.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov edib. Qeyd olunub ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən yaylaqlarda da mövsümü keçiriblər.

“Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətovun açıqlamasına görə,  Azərbaycanda hazırda arı ailələrinin sayı 750 minə çatır. O qeyd edib ki, arıçılıqla bağlı çatışmazlıqlar da var. Əvvəlki illərdə balın kiloqramı 20-25 manata, təsadüfi hallarda isə 30 manata satılırdı. Bu il balın kiloqramının qiymətinin 30-35 manata olacağı gözlənilir. Xarici ölkələrə isə çox az miqdarda bal ixrac edirik. Bu da, əsasən, Yaponiya və körfəz ölkələridir", - deyə o qeyd edib

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.  Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun - 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6 manat olub.

Qeyd edilib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9%, bal istehsalı 38,9%, mum istehsalı 0,8%, vərəmum istehsalı 22%, güləm istehsalı 62%, arı südü istehsalı 25,9%, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5% azalıb. Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.

Ən sərfəli krediti almaq üçün müraciət et