Müəllif: Ayşən İmanova, Banco.az
Yaponiyanın iri avtomobil konsernləri “Toyota”, “Nissan”, “Subaru” və “Mazda”, eləcə də bir sıra digər şirkətlər 2028-ci ilə qədər elektromobillər üçün akkumulyatorların kütləvi istehsalına təxminən 1 trilyon yen (6,97 milyard dollar) sərmayə qoyacaqlar.
Banco.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Yaponiya hökuməti iqtisadi təhlükəsizliyin gücləndirilməsi və əsas komponentlər üçün müstəqil təchizat zəncirlərinin yaradılması tədbirləri çərçivəsində bu məbləğin təxminən üçdə birini ödəyəcək.
Bu plan həyata keçirildikdən sonra istehsal gücünün cari səviyyədən təxminən 50% artaraq 120 GVt/saata çatacağı gözlənilir. 2030-cu ilə qədər bu rəqəmin 150 GVt/saata çatdırılması planlaşdırılır.
Layihədə avtomobil istehsalçıları ilə yanaşı, ehtiyat hissələri və avadanlıq istehsalçıları da daxil olmaqla daha səkkiz şirkət iştirak edəcək.
Qeyd edək ki, Çin və Cənubi Koreya şirkətləri birlikdə elektrik avtomobil akkumulyatoru istehsalının qlobal payının təxminən 90%-ni təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!