Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidentliyinə namizəd Kamala Harris vergi təşviqi planını açıqlayıb.
Banco.az xəbər verir ki, Harris seçki kampaniyasının bir hissəsi kimi Nyu-Hempşirdəki çıxışında kiçik bizneslər üçün vergi təşviqi planını açıqlayıb.
Kiçik bizneslərin ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkən Harris özəl sektorda çalışan işçilərin yarısının bu müəssisələrdə işlədiyini bildirib. Harris vurğulayıb ki, prezident seçildiyi təqdirdə onun əsas prioritetlərindən biri ABŞ-da kiçik biznesi gücləndirmək olacaq. O qeyd edib ki, ilk növbədə, daha çox kiçik biznesin fəaliyyətə başlamasına şərait yaradacaq.
İlk prezidentlik müddətinin sonuna qədər 25 milyon yeni kiçik biznes müraciəti görmək istədiyini ifadə edən Harris bunu reallaşdırmaq üçün yeni iş qurma xərclərini azaldacaqlarını dilə gətirib. Harris Amerikada yeni bir işə başlamağın orta dəyərinin təxminən 40 min dollar olduğunu və bunun bir çox insan üçün böyük maliyyə maneəsi təşkil etdiyini bildirib.
Bir müəssisə üçün cari vergi endiriminin 5 min dollar olduğunu xatırladan Harris yeni qurulan müəssisələr üçün vergi endirimini 50 min dollara çatdırmağı planlaşdırdığını bildirib. Harris mövcud kiçik müəssisələrin böyüməsinə kömək etməyi hədəflədiklərini və inkişaf etmək istəyən kiçik bizneslərə aşağı faizli və ya faizsiz kreditlər verəcəklərini söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!