Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı “BMW” 140 mindən çox “Mini Cooper SE”elektromobilini akkumulyatorun həddindən artıq qızması riskinə görə geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Bildirilir ki, geri çağırılma 2018-ci ilin noyabrından 2024-cü ilin yanvarınadək Avropada istehsal edilmiş avtomobillərə aiddir və 140 mindən çox avtomobilə, o cümlədən ABŞ-da 12,5 min və Almaniyada 39 min avtomobilə təsir göstərə bilər.
Geri çağırma çərçivəsində “BMW” avtomobillərdə akkumulyatorla bağlı mümkün problemləri müəyyən edəcək yeni proqram təminatı quraşdırmağı planlaşdırır. Belə bir problem aşkar edilərsə, batareya dəyişdiriləcək.
Qeyd edək ki, şirkətin səhmləri çərşənbə axşamı ticarətdə 1% ucuzlaşıb. İlin əvvəlindən “BMW”nin kapitallaşması 18,3% azalaraq 52,05 milyard avroya düşüb.