Pul bazası nədir və iqtisadiyyatda necə rolu var? – AÇIQLAMA | Banco.az

Pul bazası nədir və iqtisadiyyatda necə rolu var? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Sentyabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 550 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,9 % azdır. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,6 % azalıb, son 1 ildə isə 13,4 % artıb.
Pul bazası dövriyyədə olan pul vəsaitləri ilə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləridir. 

İqtisadçı Pərviz Heydərov bildirib ki, pul bazasının iqtisadi inkişafda böyük rolu var:
“Bu göstərici mühüm tənzimləyici və təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də ki, işgüzar fəallıq ləngisin. Bu, hər bir hökumətin qarşısında həlli çox çətin sayılan məsələlərdən hesab edilir.
Qeyd edim ki, pul bazası isə əsas etibarilə adətən, Mərkəzi Bank tərəfindən bir tərəfdən banklara verilən kreditlərin ucuzlaşdırılması, yəni əlavə kredit resurslarının verilməsi və yaxud da əlavə pul emissiyasının həyata keçirilməsiylə, digər tərəfdən isə maliyyə bazarında müvafiq əməliyyatlar keçirməklə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması, ya da artırırılması yolu ilə idarə olunur”.

Ən sərfəli kredit üçün müraciət et

Pərviz Heydərov hesab edir ki, ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşması və həyata keçməsi üçün real sektor qarşılıqlı rəqabət, müvafiq stimullaşdırıcı mexanizm, mənfəət və səmərələlilik prinsipləri əsasında inkişaf etməlidir.
“Əks təqdirdə, pul bazasının artması və yaxud azalması kimi göstəricilər özünü elə həmişə səbəb yox, nəticə rolunda büruzə verəcək”,- deyə ekspert qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et