AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ | Banco.az

AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ

Son dövrlər Azərbaycanın valyuta bazarında dollar satışına məhdudiyyətlərin tətbiqi ilə bağlı məsələlər daim olaraq gündəmdədir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev Report-a müsahibəsində vəziyyətə aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik

-Son günlərdə ölkədə dollara tələbin artması səbəbindən bankların əksəriyyətində dollar satışında məhdudiyyətlərin olması ilə bağlı məlumatlara rast gəlinir. Bununla bağlı real vəziyyəti necədir? Həqiqətənmi, Mərkəzi Bank banklara dollar satışını dayandırıb?

- İlk növbədə Mərkəzi Banka müraciət ünvanladığınız üçün təşəkkür edirik. AMB tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayımlanan xəbərlər reallığı əks etdirmir. Bu növ məsələlərin ictimaiyyət arasında çaşqınlığa səbəb olma ehtimalını nəzərə alaraq mətbuat nümayəndələrinə Mərkəzi Banka müraciət edərək müvafiq məqamlara dair zəruri dəqiqləşdirmə aparmalarını tövsiyə edirik. Kommunikasiyaya və dialoqa açıq bir qurum kimi Mərkəzi Bank tərəfindən KİV nümayəndələrindən daxil olan sorğular müntəzəm şəkildə cavablandırılır.

Sualınızla bağlı qeyd edirik ki, valyuta bazarında çətinliyin və sözügedən məhdudiyyətlərin olması müşahidə edilmir. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə 61 hərrac keçirilib. Rəqəmlərə nəzər yetirdikdə, valyutaya tələbatın tam ödənildiyini görürük. Ümumilikdə, hərraclarda 4 milyard 714 milyon ABŞ dolları satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon ABŞ dolları təşkil edib.

- Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda dollara tələb öncəki aylara nisbətən artıb. Bunun səbəbi nədir?

- 2024-cü ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən bütün valyuta hərraclarında tələb təmin edilib. Valyutaya tələbin artmasına başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi fonunda baş verir. Bu ilin ilk 7 ayında daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % artıb. Bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4 % artıb.

O cümlədən dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb. Qeyd edək ki, tədiyə balansının kapitalın hərəkəti hesabında baş verən bu struktur dəyişiklikləri, o cümlədən birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq amillərdir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə bildiririk ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Tədiyə balansının cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti I rübdə 10,1 % olub. Ticarət balansında 2024-cü ilin ilk 7 ayında 5,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olaraq qalacağı gözlənilir.

- Dünya enerji bazarında neft qiymətinin ucuzlaşması manatın dollara nisbətdə məzənnəsinin dəyişilməsinə əsas verəcəkdirmi?

- Enerji daşıyıcılarının qiymətlərinin dəyişimi Azərbaycanın valyuta bazarına birbaşa təsir etmir. Valyuta bazarındakı vəziyyət tədiyə balansının vəziyyəti, dövlətin və özəl sektorun valyuta üzrə tələb-təklifi, məzənnə ilə bağlı gözləntilər kimi amillərdən təsirlənir.

2024-cü ilin dövlət büdcəsinin parametrlərindən göründüyü kimi fiskal məqsədlərlə xərclənən neft gəlirləri valyuta bazarında tarazlığı dəstəkləyir.

Əlavə olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən son 2 il ərzində faiz dəhlizinin təsir imkanlarının daha da gücləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər həyata keçirilib ki, bu imkanlardan da zəruri hallarda dəstəkləyici tədbirlər kimi istifadə edilə bilər. Ümumilikdə qeyd edirik ki, hazırda manatın məzənnəsinə fundamental təhdid yaradacaq hallar müşahidə olunmur.

- Rəsmi sayta istinad etdikdə, Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının artmaqda davam etdiyini və artıq təqribən 12 milyard ABŞ dollarına çatdığını görürük. Bu ehtiyatlardan satış ilə bağlı hər hansısa planlarınız varmı?

- Bəli, Mərkəzi Bankın valyuta ehtiyatları son illər artır. Qeyd edək ki, AMB-nın valyuta ehtiyatlarının dəyişimi valyuta bazarına müdaxilədən və ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlərdən təsirlənir.

Məlum olduğu kimi, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyuta bazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün Mərkəzi Bank tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Alış yönümlü müdaxilələr manatla pul təklifinə ekvivalent məbləğdə (2022-2023-cü illərdə 7 milyard manatdan çox) artırıcı təsir edib. Bu şəraitdə məlum olduğu kimi, Mərkəzi Bank pul təklifinin izafi genişlənməsinə yol verməmək üçün öz alətləri ilə (məcburi ehtiyatlar, daimi imkan və açıq bazar əməliyyatları) sterilizasiya əməliyyatlarından istifadə edir.

İzafi pul təklifinin yaratdığı potensial təhdidləri nəzərə alaraq Mərkəzi Bank valyuta bazarındakı vəziyyətdən asılı olaraq manatla likvidliyin sterilizasiyası məqsədilə öz ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarınıda nəzərdən keçirir. Bununla dövlətin valyuta komponentli xərclərlə bağlı tələbatı da ödənmiş olacaqdır. Mərkəzi Bank belə əməliyyatlar apardığı təqdirdə ictimaiyyəti bu barədə məlumatlandırılacaqdır.