Təhlükəsizliyimiz üçün bu məlumatları sosial mediada paylaşmamalıyıq | Banco.az

Təhlükəsizliyimiz üçün bu məlumatları sosial mediada paylaşmamalıyıq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Sosial media gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və biz bu platformalar vasitəsilə dostlarımız, ailəmiz, iş çevrəmizlə asanlıqla ünsiyyət qura bilirik. Bununla yanaşı sosial medianın bu qədər asanlığı şəxsi məlumatlarımızı və məxfiliyimizi də təhlükə altına qoya bilər. Təhlükəsizliyimizi təmin etmək və məlumatlarımızı mümkün zərərli istifadədən qorumaq üçün sosial media paylaşımlarımızı diqqətlə seçməliyik və məxfi saxlamalı olduğumuz bəzi vacib məlumatları heç vaxt açıqlamamalıyıq. Bəs bunlar hansı məlumatlardır? Hamımız bilirik ki, kart, şəxsiyyət vəsiqəsi kimi məlumatlar sosial mediada paylaşılmamalıdır. Bunlarla yanaşı aşağıda qeyd etdiklərimizi də diqqətə almanızı tövsiyə edirik:

1. Səyahət planları

Səyahət planlarınızı sosial media hesablarınızda paylaşmaq həyəcan verici ola bilər, lakin bu cür məlumatları gizli saxlamaq daha yaxşıdır. Evinizin boş qalacağını bilərək bayram planlarınızı və ya işgüzar səfərlərinizi əvvəlcədən bildirmək oğrulara "dəvətnamə" göndərmək deməkdir. Təhlükəsizliyiniz üçün səyahətdən qayıdarkən xatirələrinizi və fotoşəkillərinizi paylaşmağınız daha yaxşı olar.

2. Yer məlumatı

Məkan məlumatınızı sosial mediada paylaşmaq həm şəxsi, həm də onlayn təhlükəsizliyinizi riskə ata bilər. Məkan məlumatlarınızı paylaşmaqla təhlükəli insanlara harada olduğunuzu bilmək imkanı verirsiniz. Bundan əlavə, eyni yerlərdən davamlı olaraq paylaşımlar onların gündəlik işinizi öyrənməsinə səbəb ola bilər. Buna görə də, məkan məlumatlarınızı paylaşarkən diqqətli olmalı və mümkün olduğu qədər belə məlumatları paylaşmaqdan çəkinməlisiniz.

3. Telefon nömrəsi və ev ünvanı kimi şəxsi məlumatlar

Şəxsiyyət, telefon nömrəsi, ev ünvanı kimi sizi müəyyənləşdirən məlumatların sosial mediada paylaşılması şəxsiyyətin oğurlanmasına səbəb ola bilər. Bu cür məlumatların paylaşılması fırıldaqçılar və kibercinayətkarlar üçün böyük fürsət yaradır. 

4. Şəxsi şikayətlər

Şəxsi şikayətlərinizi sosialda paylaşmaq haqqınızda mənfi təəssürat yarada və peşə həyatınıza təsir edə bilər. İş yoldaşlarınız, müdirləriniz və ya gələcək işəgötürənləriniz karyeranıza mənfi təsir göstərə biləcək bu cür yazıları görə bilər. Duyğularınızı ifadə etmək üçün daha şəxsi və təhlükəsiz yollar tapmaq sağlam yanaşmadır.

5. Sübutu olmayan ittihamedici ifadələr

Sosial şəbəkələrdə ittiham xarakterli məlumatların, xəbərlərin paylaşılması hüquqi problemlərə gətirib çıxara bilər. Özünüzü qorumaq üçün belə məzmunlar paylaşmamağı tövsiyə edirik.

Ən sərfəli kredit üçün müraciət et

6. Aldığınız bahalı əşyalar

Yeni aldığınız bahalı məhsulları nümayiş etdirmək sizi həm oğrular, həm də fırıldaqçılar üçün cəlbedici hədəfə çevirə bilər. Bu, həm də maliyyə vəziyyətinizə dair müsbət və ya mənfi təsəvvür yarada, ətrafınızdakılarda qısqanclıq, eyni zamanda düşmənçilik yarada bilər.

7. Şəxsi tövsiyələr

Belə tövsiyələr anlaşılmazlıqlara və yanlış istiqamətləndirməyə səbəb ola bilər. Hər kəsin həyat şəraiti və situasiyaları fərqlidir, ona görə də verdiyiniz məsləhətlərin hamıya uyğun olmaması normal haldır. Tövsiyələrinizi paylaşmazdan əvvəl diqqətlə düşünməli və lazım gələrsə, onları paylaşmamalısınız.

8. İşlədiyiniz şirkət haqqında məxfi məlumatlar

Təbii ki, burada söhbət sizin işlədiyiniz şirkətin adından getmir. Belə məlumatların paylaşılması digər problemlərlə yanaşı, işinizin itirilməsinə səbəb ola bilər. Bu cür məlumatlar şirkətinizə də zərər verə bilər. Daxili məlumatları məxfi saxlamaqla həm özünüzü, həm də biznesinizi qoruya bilərsiniz.

9. Uşaqların şəkilləri

Uşaqların fotolarını sosial şəbəkələrdə paylaşmaq onların təhlükəsizliyini riskə ata bilər. Yad insanlar övladlarınızın şəkillərini pis niyyətlə istifadə edə və ya icazəsiz yaya bilərlər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et