Avropa nə üçün qaz alışında uzunmüddətli öhdəliklər götürmək istəmir? | Banco.az

Avropa nə üçün qaz alışında uzunmüddətli öhdəliklər götürmək istəmir?

Müəlif:Gülbəniz Hüseynli/Banco.az

Ölkə Prezidenti İlham Əliyev Media Forumda çıxışı zamanı ciddi mesajlar verib.

Prezident bildirib ki, Avropa bizdən onlara qaz ixracını Cənub Qaz Dəhlizi vasitəsilə 16 milyard kub metrdən 32 milyard kub metrədək artırmağı və Avropaya nəql etməyi tələb etsə də, investisiya qoymaq istəmir. Bu layihələrə isə milyardlarla dollar investisiya lazımdır. Əlavə olaraq bildirirlər ki, 10 ildən sonra onların qaza ehtiyacı olmayacaq. “Biz indiyə qədər qaz boru xətlərinə çəkdiyimiz xərc və qoyduğumuz investisiyanı hələ tam geri götürməməşik. Onların 10 il sonra ehtiyacı olmayan qaz üçün milyardlarla dollar xərcləyəcək qədər ağılsız deyilik. Bizim hədəfimiz bu il 13 milyard kub metr, 2027-ci ildə isə 16 milyard kub metrədək təbii qazı Avropaya nəql etməkdir”.

İqtisadçı Elman Sadıqov açıqlamanı şərh edərək bildirib ki, əlavə milyardlarla dollar investisiya qoymadan  Avropaya qaz nəqlinin artım imkanı illik 16 milyard kub metrdir. Elman Sadıqov hesab edir ki,  biz bunu tədricən artıraraq 2027-ci ildə təmin edəcəyik:

“İllik 32 milyard kub metr qazın nəqli üçün yeni qaz xətti, genişləndirilmiş infrastruktur, milyardlarla dollar investisiyalar lazımdır. Əgər Avropa uzunmüddətli qaz alışı öhdəliyindən boyun qaçırırsa, bu qədər investisiyanı təkbaşına qoyub qısa müddətə çıxartmaq, bağlamaq çətindir. Əslində Prezidentin verdiyi mesaj aydındır. Biz kiçik bir ölkə olaraq indiyə qədər etibarlı və öz müqavilə öhdəliklərini pozmadan yerinə yetirən ölkə olmuşuq və belə bir ölkə kimi qalırıq və qalmaq niyyətindəyik. Biz imkanımızın yol verdiyi qədər qazı nəql edirik və imkanımız yol verəcəyi həddə qədər artıra bilərik və artıracağıq. Amma bizdən daha çox qaz istəyirsinizsə, o zaman siz də əlinizi daşın altına qoyun. Ya da, uzunmüddətli müqavilə bağlayaq ki, bu məsələyə investorları cəlb edə bilək və bundan sonra qoyulacaq investisiyalar da özünü doğrultsun. Bu fikirlər tam bir iqtisadi əsaslandırması olan və məntiqə söykənən mesajlardır.  Ölkəmizin mövqeyi tam aydındır”.

Avropa İttifaqının qeyri-müəyyən və ikibaşlı mövqeyinin səbəblərinə toxunan iqtisadçı deyib ki, təkcə Avropanın qaz alışı məsələsində tutduğu mövqeyi deyil, həm də qlobal iqtisadiyyatdakı gedişatın ciddi mesajları idi.

Bəs, avropalıların bu mövqeyi əslində nədən xəbər verir və özündə hansı məsələləri gizlədir?

“Hazırda bütün dünya iqtisadiyyatı müxtəlif forma və istiqamətlərdə bir deyil, bir neçə keçid mərhələsindədir. Birinci keçid olan 4-cü Sənaye İnqilabına keçidin özü müxtəlif narahatlıq doğuran və qeyri-müəyyənlik formalaşdıran texnologiyaların, süni intellektin inanılmaz surətdə sürətli inkişafı, big data, data analitika özü (ikinci keçid) əmək bazarında bir neçə istiqamətdə transformasiyalar, keçid mərhələləri formalaşdırdı. Üçüncü keçid isə ənənəvi enerjidən alternativ enerjiyə keçiddir. Əslində bu 3 böyük keçid mərhələsi bir-birlərini də sürətləndirən və genişləndirən dinamikaya malikdir. Bu 3 keçid mərhələsi isə 4-cü keçidi labüd edir.

İqtisadi transformasiya əslində Çin iqtisadiyyatının sürətli texnoloji inkişafı ilə başladı. 2011-ci ildə Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı ünvanını Yaponiyadan aldı. Sürətli bir şəkildə Şərqi Asiya (Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Honk-Kong, Sinqapur, Malayziya, İndoneziya) Amerikadan sonra ikinci ən böyük iqtisadi güc mərkəzi ünvanını isə Avropa Birliyinin əlindən aldı. Hazırda dünya iqtisadi cəhətdən 2 qütblüdür. ABŞ başda olmaqla Şimali Amerika və Şərqi Asiya. Biz hələ iqtisadi transformasiyaların başlanğıc fazasındayıq. Maliyyə sahəsində proqnozlaşdırılan daha böyük transformasiya dumanlıdır və qarşıda bizi gözləyir. Avropa qeyri-müəyyənlikdə fonunda iqtisadi gücünü itirdikcə (bu güc itkisi Brexit ilə daha da dərinləşdi) siyasi nüfuzunu da itirməyə, bununla bərabər daha dərin qeyri-müəyyənliyə doğru yön almağa başladı. Bütün bunların fonunda Avopa İttifaqının özünün iqtisadi inkişaf perspektivləri ilə bağlı qeyri-müəyyənlik yarandı və bu Avropa İttifaqının gələcək perspektivləri həm ABŞ, həm də Çindən asılı vəziyyətə düşdü”.

Ən sərfəli kredit üçün müraciət et

Özündə hansı məsələləri gizlədir?

“İkincisi, Avropa İttifaqı ölkələri Rusiya qazından asılılığı minimum səviyyəyə (Qazpromun payı 40%-dən 6-7%-ə düşdü) endirdi. Qazpromun bazar payının böyük hissəsini isə ABŞ tutdu. ABŞ hazırda Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edir. ABŞ öz bazar payını tədricən artırmağı düşünür. Nəzərə alaq ki, ABŞ təkcə Çin məhsullarına kvotalar, yüksək gömrük faizləri tətbiq etmir, həm də Yaponiya və Avropa məhsullarına da qarşı müəyyən səviyyədə ticarət müharibəsi aparır. Əlavə olaraq, ABŞ-da nəticələrinin qeyri-müəyyənliyi günbəgün artan gözlənilən Prezident seçkiləri öncəsi Avropa ehtiyatlı mövqeyini daha da artırır.

Üçüncüsü, Qətər qazının Avropaya nəqli məsələsi hələ də gündəmdədir. Əgər həmin qazın Avropaya boru xətti ilə nəqli baş tutarsa, Avropanın ümumiyyətlə qaza ehtiyacı qalmaz.

Dördüncüsü, ənənəvi enerjidən alternativ enerjiyə keçid. Burada vəziyyət daha mürəkkəbdir. Çünki, Avropanın günəş və külək enerjisi üçün yüksək potensialı yoxdur. Avropada külək enerjisi potensialı Skandinaviya ölkələri üçün daha yüksəkdir. Günəş panelləri isə il ərzində günəşli günlərin sayının çox olmaması səbəbindən daha yüksək maliyyətlidir. İlbəil elektrik enerjisinə artan tələbi ödəmək üçün hazırda atom elektrik stansiyalarının tikilməsi məsələsi və elektrik enerjisi idxalı gündəmdədir. Qazdan isə asılılığın azalması və ya qaza ehtiyacın olmamasında məhz bu dördüncü amilin rolu ilk 3 amilə nisbətən daha aşağıdır. Əsas səbəb qeyd etdiyim kimi ABŞ-dan ilbəil artan qaz idxalı və böyük qaz ehtiyatları olan Qətərin qazının Avropaya nəqli ilə bağlı planlardır”.

Elman Sadıqov qeyd edib ki,  Avropa öz iqtisadiyyatı, enerji təhlükəsizliyi sahələrində uzunmüddətli planlaşdırma, proqnozlaşdırma apara bilmir və əslində bilməz. Çünki, hadisələr sürətlə dəyişir. Avropa qısamüddətli planlar üzərinə oynayır, qısamüddətli riskləri yumşaldır:

“Özü üçün formalaşan qeyri-müəyyənlik fonunda kiçik ölkələri maliyyə risklərinə atmaq, öz üzərinə yük götürməməklə kiçik ölkələri müəyyən maliyyə yüklərinə sövq etmək, maliyyə risklərinə məruz qoymaq, bunlar olmadıqda həmin ölkələrə digər bəhanələr altında müəyyən təzyiqlər göstərməyə çalışmaq yazılan və yazılmayan iqtisadi qanunlara uyğun deyil!

Ölkəmiz isə əlavə riskli maliyyə yükü götürmədən öz müqavilə öhdəliklərini yerinə yetirməkdə və istehsalı imkanların yol verdiyi çərçivədə artırmağa davam edərək etibarlı tərəfdaş mövqeyini rasional iqtisadi şərtlər və imzalanmış müvavilələr çərçivəsində qoruyub saxlayacaq”.

Ən sərfəli krediti almaq üçün müraciət et