Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda yanacağın qiymətlərinin dəyişməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.
Qiymət artımı səbəbləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, ölkədə sözügedən yanacaq məhsulları növünə tələb üç il əvvəlki səviyyə ilə eyni deyil:
“2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988 milyon 400 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Bu ilin ilk dörd ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8%-ini avtomobil benzini ilə dizel yanacağının alışı təşkil edib.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ-də) neçə illərdir aparılan yenidənqurma və modernləşdirmə işləri nəticəsində keçən ilin mayında "Avro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlandı. 2024-cü ilin iyununda da eyni standarta uyğun avtomobil benzini istehsal etmək nəzərdə tutulur.
Adıçəkilən zavodda görülən işlər çərçivəsində bu il izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Ötən ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib ki, nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal olunub. Neft emalı dərinliyi isə 98% (2022-ci ildə - 96,3%) təşkil edib. Sadaladıqlarım istehsal xərclərinin maya dəyərinə nisbətdə artdığını göstərir”.
İqtisadçı qeyd edib ki, yanacağın qiymətinin qalxmasına digər səbəb,Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək siyasətidir:
“Çünki yanacağın qiyməti təkcə Azərbaycan kimi iqtisadiyyatı olan ölkələrdə deyil, hər yerdə "domina effekti" rolunu oynamaq iqtidarındadır”.
İqtisadçı hesab edir ki, Aİ-92 ilə dizel yanacağının satış qiymətləri arasındakı fərqin getdikcə azaldılması sərfəli və məqsədəuyğun siyasət hesab edilmir:
“Sözügedən yanacaq növü Avro-5 standartına uyğun istehsal oluna bilər, ancaq müasir Azərbaycan aqrar istehsalçısı isə hələ Avropa standartlarına uyğun imkanlara və şəraitə malik deyil. Bunu nəzərə almaq vacibdir”.
Bizi sosial şəbəkələrdən izləyin!!