Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın ikili vətəndaşlıq qanunu nə vəd edir?
Banco.az xəbər verir ki, Almaniyada ikili vətəndaşlığı təmin edən Vətəndaşlıq Qanununun Modernləşdirilməsi Aktı martın 26-da prezident Frank Valter Ştaynmayer tərəfindən imzalandıqdan sonra 27 iyun tarixində qüvvəyə minib.
Yeni qanunla Almaniya vətəndaşlığına keçid asanlaşdırılıb və ikili vətəndaşlığın qarşısındakı maneələr aradan qaldırılıb.
İndi isə gəlin yeni qanunla bağlı hamını maraqlandıran suallara aydınlıq gətirək.
1. Almaniya vətəndaşlığını əldə etmək üçün gözləmə müddəti nə qədərdir?
Yeni qanunla Almaniya vətəndaşlığının alınması müddəti də qısaldılıb. Belə ki, bundan sonra Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilir.
Alman vətəndaşlığını əldə etmək istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü işlə məşğul olması və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarda bu müddət 3 ilə qədər azaldıla bilər.
2. Alman vətəndaşlığını alanlar əvvəlki vətəndaşlıqdan imtina etməlidirlərmi?
Yeni qanunun qüvvəyə minməsi ilə Almaniya vətəndaşlığını əldə etmək istəyənlər öz ölkələrinin vətəndaşlığından imtina etməli olmayacaqlar.
3. Almaniyada doğulan uşaqlar alman vətəndaşı olacaqmı?
Ölkədə doğulan uşaqlar valideynləri Almaniya vətəndaşı olmasa belə, onlardan ən azı biri ölkədə qanuni olaraq minimum 5 il yaşamışsa, alman vətəndaşlığını ala biləcəklər. Prinsipcə, ölkədə doğulan uşaqlar həm Almaniya vətəndaşlığını, həm də valideynlərinin vətəndaşlığını daimi olaraq əldə edə biləcəklər.
Qeyd edək ki, indiyədək qüvvədə olan və şəxsləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı ilə Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” də tamamilə ləğv edilib.
4. Vətəndaşlıq müraciəti harada edilməlidir?
Almaniyanın federal dövlət quruluşuna görə vətəndaşlıq məsələləri ilə əyalətlər məşğul olur. Odur ki, vətəndaşlıq ərizələri bu əyalətlərin müvafiq şöbələrinə və ya yerli hökumətlərə edilməlidir. Bəzi əyalətlərdə ərizələr onlayn şəkildə də qəbul edilə bilər.
Bu mövzu ilə bağlı məlumatı əyalətlərdə və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından və ya müvafiq rəsmi idarələrin internet saytlarından əldə etmək olar.
5. Vətəndaşlığa qəbul üçün alman dilini bilmək tələb olunurmu?
Alman vətəndaşlığını əldə etmək üçün B1 səviyyəsində alman dili bilikləri tələb olunur. Almaniyada məktəbi müvəffəqiyyətlə bitirdiyinizi bildirən sertifikat B1 səviyyəsini əhatə edir. Bu sertifikata sahib olmayanlar dil imtahanı verməlidirlər.
6. Vətəndaşlıq imtahanı nədir?
Almaniya vətəndaşlığına qəbul üçün ilkin şərtlərdən biri də namizədlərin “vətəndaşlıq testindən” uğurla keçməsidir. Bu test 2008-ci ildə qüvvəyə minib.
Testdə Almaniyanın tarixi, hüquqi və sosial quruluşu və yaşayış yeri ilə bağlı suallar yer alır. Test ümumilikdə 310 sualdan ibarətdir. İmtahanda da 33 sual verilir.
Almaniya Daxili İşlər Nazirliyi ölkədə antisemitizmin artması səbəbindən vətəndaşlıq imtahanındakı sualların siyahısının genişləndirildiyini, buraya antisemitizm, İsrail dövlətinin mövcudluq hüququ və Almaniyadakı yəhudi həyatı ilə bağlı sualların da daxil edildiyini açıqlayıb.
17 suala düzgün cavab verildikdə test uğurla başa vurulmuş sayılır. Almaniyada əldə edilmiş məktəb diplomu olanların imtahana ehtiyacı yoxdur. Hazırda testdə iştirak haqqı 25 avro müəyyən edilib.
7. Almaniya vətəndaşlığını əldə etmək istəyən namizəd sosial yardım ala bilərmi?
Almaniya vətəndaşlığını almaq istəyənlər, prinsipcə, sosial yardım almadan özlərini və ailələrini təmin etməlidirlər. Burada bəzi istisnalar ola bilər, məsələn, çörəkpulu qazanmaq üçün əlindən gələni edib, ancaq yenə də sosial yardım almalı olanlar.
8. Alman vətəndaşlığını almaq üçün nə qədər rüsum ödənilməlidir?
Vətəndaşlıq üçün müraciət haqqı hər bir şəxs üçün 255 avro təşkil edir. Hər uşağa görə isə əlavə 51 avro ödənməlidir.
9. Alman vətəndaşlığı sonradan ləğv edilə bilərmi?
Vətəndaşlıq haqqında qanunun 35-ci maddəsinə əsasən, vətəndaşlıq saxtakarlıq, təhrif, təhdid və ya rüşvət yolu ilə əldə edildikdə, yaxud vətəndaşlığa qəbul üçün tələb olunan məlumatlar qəsdən yalan və ya natamam verilməklə vətəndaşlıq 10 il müddətində ləğv edilə bilər.
10. Almaniya vətəndaşlığını almaq üçün başqa hansı şərtlər var?
Alman vətəndaşlığını əldə etmək istəyənlər etiraf etməlidirlər ki, libertar cəmiyyətin dəyərlərinə əlavə olaraq, Almaniya milli sosialist rejiminin qanunsuzluğuna (Nasist dövrü) və onun nəticələrinə (Holokost) görə xüsusi tarixi məsuliyyət daşıyır.
Bu məsuliyyət yəhudi həyatının qorunmasını da əhatə edir. Sözügedən dəyərləri bölüşməyənlər Almaniya vətəndaşlığını ala bilməyəcək.
Antisemitizm, irqçilik, ksenofobiya və ya digər qeyri-insani hərəkətlər edən və kişi və qadın bərabərliyini qəbul etməyənlərə Almaniya vətəndaşlığı verilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!