Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Banklar kreditləri əsasən fərdi qəza sığortası və həyat sığortası üzrə sığortalayırlar. Bəzi hallarda isə girov əsasında verilmiş kreditlərdə girov qoyulmuş əmlak sığortalanır.
Sığorta hadisəsi baş verdikdə isə kredit götürmüş müştəri ödənilməli olan kredit borcundan azad olunur.
Bəs istehlak kreditləri üzrə həyat sığortasına ehtiyac varmı?
Banco.az xəbər verir ki, iqtisadçı, hüquqşünas Əkrəm Həsənov bildirib ki, ipoteka kreditləri üzrə sığorta mümkün olsa da, digər istehlak kreditləri üzrə isə bu mümkün deyil:
“Vəfat etmiş şəxsin borcunu vərəsələri, onlara çatmış miras həddində ödəyə bilər. İlk baxışdan problem yoxdur: vərəsəyə əmlak çatıbsa, onu da borcla əvəzləşdirə bilər və üzərinə artıq yük düşmür. Amma məəslə o qədər sadə deyil. Məsələn, ölən şəxsin adına ev varsa və ailəsi də orada yaşayırsa, elə ev də miras əmlakı təşkil edir. Deməli, vərəsələr ya öz hesablarına borcu ödəməlidir, ya da evdən məhrum olacaqlar. Məhz bu cür halların olmaması üçün borclunun həyat sığortasına malik olması zəruridir”.
Əkrəm Həsənov qeyd edib ki, əgər sığorta edilərsə, bu, kreditin alınması üzrə borclunun xərclərini artıracaq:
“Çünki sığortaçıya da ödəniş edilməlidir. Amma son nəticədə həm borclunu (ailəsini), həm də bankı gələcək risklərdən qoruyacaq. Eyni zamanda sığortaçılar üçün də əlavə gəlir mənbəyi yaranacaq.
Odur ki, kredit təşkialatları və sığortaçılar bu məsələ üzrə istehlakçılara müvafiq məhsulu təklif etməlidir. Məsələnin qanunvericilikdə təsbiti də olduqca vacibdir”.
Bizi sosial şəbəkələrdən izləyin!!