Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” şirkəti bu il “iOS” əməliyyat sistemində peyda olacaq süni intellektə (AI) əsaslanan bəzi yeni gələcək funksiyalar haqqında məlumat verib.
Banco.az xəbər verir ki, yeniləmələr barədə elan şirkətin rəsmi saytında dərc olunub.
Belə ki, süni intellekt texnologiyalarına əsaslanan “Eye Tracking” adlı yeni funksiya bu ilin sonunda “Apple” tərəfindən təqdim ediləcək. Bildirilir ki, yeni funksiya hərəkət qabiliyyəti məhdud olan istifadəçilərə sadəcə baxışlarıyla cihazdan istifadə etməyə imkan verəcək.
Digər yeniliklərdən biri musiqiyə “toxunaraq” qulaq asmaq imkanıdır. “Music Haptics” eşitmə qabiliyyətini itirmiş insanlar üçün “iPhone”da yeni musiqi dinləmək üsuludur. Bu funksiya işə salındıqda , kompozisiyanın musiqi nümunəsini təkrarlayaraq cihaza vibrasiya əlavə edilir. Şirkət vəd edir ki, yeni seçim “Apple Music” kataloqunda milyonlarla mahnı ilə işləyəcək.
Daha bir qeyri-adi funksiya isə “Vehicle Motion Cues” adlanır və avtomobillə hərəkət zamanı başgicəllənmə və ürəkbulanma kimi problemlərdən əziyyət çəkən istifadəçilər üçün nəzərdə tutulub.
Bundan əlavə, iOS 18-də istifadəçilərə müxtəlif çoxaddımlı hərəkətləri yerinə yetirmək və səsli əmrlərdən istifadə edərək tətbiqin qısa yollarını işə salmaq üçün xüsusi ifadələr təyin etməyə imkan verən “Vokal Shortcuts” funksiyası təqdim ediləcək.
Bütün bu yeniləmələr iyun ayında tərtibatçılar üçün hər il keçirilən “Apple Worldwide Developers Conference”(WWDC) konfransı çərçivəsində yeni əməliyyat sistemlərinin təqdimatında təqdim ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!