Dünyanın nəhəng maliyyə qurumlarından olan Citibank ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə örtüksüz xətt açıb.
Banco.az xəbər verir ki, bu barədə məlumatı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
“Xoş bir xəbəri sizinlə bölüşmək istərdim. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ bankı Citibank uzun dönəmdən sonra ilk dəfə ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədli örtüksüz xətt açıb. Artıq bu xətt çərçivəsində ilk əqd də bağlanıb, korporativ müştərilərimizdən biri 9.5 mln. ABŞ dolları məbləğində sənədli əməliyyat imkanından faydalana bilib. İlk əməliyyatın infrastruktur layihələrinə aid olması xüsusilə əhəmiyyətlidir”, – deyə Abbas İbrahimov qeyd edib.
ABB-nin İdarə Heyətinin sədri onu da bildirib ki, Citibank-ın Banka açdığı böyük məbləğdə kredit xətti ölkəmizin bank sektoruna olan inamın, ABB-nin dayanıqlı maliyyə vəziyyətinin və artan nüfuzunun daha bir göstəricisidir.
Qeyd edək ki, Citibank kimi böyük şəbəkəyə malik bankdan örtüksüz xəttin olması ABB-nin müştəriləri olan şirkətlərin, sahibkarların qlobal bazarlardan aldıqları məhsul və xidmətlər üzrə əqdlərin maliyyələşdirilməsi imkanlarını genişləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!