Müəllif: Tamara Mustafayeva, Banco.az
Vaxtını düzgün idarə etməkdə peşəkar olan insanlar belə bəzən bir çox işləri lazımi vaxtda yerinə yetirə bilmirlər. İşlər üst-üstə yığıldıqda iş mühitinizi özünüz üçün rahat hala gətirməyiniz, iş masasının səliqəli olması məhsuldarlığınızı qorumağınız baxımından mühüm addımdır.
“Harvard Business Review”da yayımlanan bir araşdırmaya əsasən, insanların iş masası onların məhsuldarlığına və işləri həll etmə bacarığına mənfi təsir göstərə bilər. Odur ki, bugünkü məqaləmizdə iş masasına hansı əşyaları qoymaq olmaz araşdırıb sizə təqdim edirik.
1. Qeyri-sağlam çərəzlər
İşlərinizin həddindən artıq çox olduğu bir vaxtda fərqinə varmadan bir paket şirniyyatı yeyib bitirə bilərsiniz. Dietoloq və yazıçı Amanda Hamiltona görə, “Qeyri-sağlam qidalar digər bütün mənfi təsirləri ilə yanaşı iş məhsuldarlığını da azaldır və işin başa çatma vaxtını uzadır.”
2. Şəxsi qulluq məhsulları
Saç spreyi, nəmləndirici, diş fırçası, linza suyu kimi məhsullar iş masasının üzərinə qoyulduğu anda insan beynində başqa məsuliyyətlər yaradır. Bu da əsl görməli olduğunuz işlər üzərindəki hakimiyyətinizi itirməyinizə gətirib çıxarır.
3. Nahar yeməyi
İş masasında nahar etməyin sizə daha çox vaxt qazandırdığını düşünə bilərsiniz. Aparılan bir çox araşdırmaya əsasən, insanların gün ərzində mühitlərini dəyişmələri onların yaradıcılığını artırır və innovativ düşünmə bacarıqlarını daha çox inkişaf etdirir.
4. Həddindən artıq qeyd kağızları
Bir-iki qeyd kağızı işləri xatırlamağınız və nizama salmağınız üçün sizə kömək edə bilər. Bir müddət sonra bu qeyd kağızları çoxalıb iş masasının hər yerinə yayılmağa başlayarsa, diqqətinizi poza bilər. İşə diqqətinizi yönəltməklə bağlı problem yaşamamaq üçün qeyd kağızlarından düzgün istifadə etməyə çalışın.
5. Çirkli çay/qəhvə fincanı
Ətrafda yuyulmamış çay/qəhvə fincanları iş masasının gözünüzə nizam-intizamsız görünməsinə səbəb ola bilər. Sadəcə bir dəqiqə sərf edin və fincanları mətbəxə qoyun.
Bizi sosial şəbəkələrdən izləyin!!