Qızılın bahalaşması Azərbaycana nə vəd edir? | Banco.az

Qızılın bahalaşması Azərbaycana nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir.

Vəziyyəti Azərbaycan bazarı üçün analiz edən iqtisadçı Pərviz Heydərov düşünür ki, qızılın bahalaşması bizə bir neçə istiqamətdə səmərə gətirir.

“Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15%-ə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir. 

İkincisi isə, Azərbaycan qızıl ixrac edən ölkədir. Hansı ki, regionda demək olar yeganə ölkəyik ki, bu qiymətli metal növünü hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüş satmışıq ki, bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62,1 min, gümüş üzrə isə 90,8 min unsiyası xaricdə realizə edilib”.

Ekspert düşünür ki, qızılın bahalaşması Azərbaycana yeni üfüqlər açır:

“2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210,1 milyon manatını ixrac, 22,7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda isə 81% artıb. Bütövlükdə isə, 2017-2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1,19 milyard manat ümumi gəlir əldə edilib. Düşünürəm ki, işğaldan azad olunan ərazilərin potensialından maksimum və tez istifadə etmək lazımdır. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə həm külli məbləğdə valyuta gəlirləri, həm də ehtiyatları vəd edir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram