MDM və “Azərpoçt” MMC arasında Anlaşma Memorandumu imzalanıb | Banco.az

MDM və “Azərpoçt” MMC arasında Anlaşma Memorandumu imzalanıb

2 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanması ilə ölkədə ən geniş xidmət şəbəkəsi olan Azərpoçt vasitəsi ilə MDM tərəfindən göstərilən xidmətlərin əlçatanlığını təmin etmək mümkün olacaq. Hər iki dövlət müəssisəsi poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda poçt-agent modeli üzərindən tətbiqi, eyni zamanda regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası sahələrində qarşılıqlı əməkdaşlıq şəklində işləməyi nəzərdə tuturlar.

İlkin mərhələdə qurulan əməkdaşlıq sayəsində ölkədə fəaliyyət göstərən səhmdar cəmiyyətlər, həmçinin digər emitentlər qiymətli kağızların saxlanılması və reyestrin aparılması üzrə xidmət haqlarını “Azərpoçt” MMC-nin ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə ödəyə biləcəklər. Həmçinin gələcəkdə MDM tərəfindən təqdim ediləcək digər xidmətlərin poçt şöbələrində təşkil edilməsi nəzərdə tutulur.