Qeyri-neft sektoru 10 il ərzində daha da böyüyəcək – Elmir Səfərli | Banco.az

Qeyri-neft sektoru 10 il ərzində daha da böyüyəcək – Elmir Səfərli

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.

2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

Ölkədə qeyri-neft sektorunun inkişafına təsir edən amillər barədə Banco.az-a açıqlama verən iqtisadçı Elmir Səfərli son on ildə bu sahədə atılan addımları xüsusi qiymətləndirib.

Ekspert hesab edir ki, qeyri-neft sektoruna verilən gəlirlilik və eyni zamanda büdcə gəlirlərinin qeyri neft sektorunun formalaşdırılması hələ də istənilən səviyyədə deyil:

“Bunun üçün hələ bir çox addımlar atılmalıdır. Təbii ki, investorların regionlara investisiya yatırmasına dövlət də maraqlıdır. Hökümət çalışır ki, xüsusən kənd təsərrüfatı, turizm, enerji, metallurgiya, tekstil və s bu kimi sahələrə xüsusi investisiyalar cəlb etsinlər. Burada həm daxili və həm xarici investorlara maraq böyükdür.

Hazırda işğaldan azad olunan torpaqlarda da eyni şəkildə daha çox investisiyaların cəlb edilməsi istiqamətində işlər aparılır. Ən çox Qarabağ  və Şərqi Zəngəzur zonasına alternativ enerji mənbələrinə xarici investorlar tərəfindən daha çox maraq göstərilir.

Hətta son bir il ərzində Səudiyyə Ərəbistanının “AguaPower” enerji şirkəti ilə aparılan əməkdaşlıqları xüsusilə qeyd etmək istərdim. Eyni zamanda Çinin, Birləşmiş Ərəb Əmirliklərinin işğaldan azad edilmiş torpaqlarda həm turizm sektorunun, həm də kənd təsərrüfatı istehsalının inkişafı ilə bağlı artıq ilkin investisiya təklifləri alınmaq üzrədir. Düşünürəm ki, bir neçə il ərzində aparılan işlər öz nəticəsini büruzə verəcək”.

İqtisadçı qeyd edib ki, qeyri-neft sektoru inkişafı regionun bərpa olunmasına, iqtisadi vəziyyətin yüksəlməsinə kömək edəcəkdir:

“Azərbaycanda təbii ki, qeyri neft sektoruna göstərilən belə güzəştlər həm vergi, həm investisiya, həm güzəştli kreditlərin sahibkarlara verilməsi istiqamətində atılan məqsədyönlü addımlar düşünürəm ki, 10 il ərzində bəhrəsini verəcək”.