Məşhur ixtiraçıların az tanınan ixtiraları | Banco.az

Məşhur ixtiraçıların az tanınan ixtiraları

Müəllif: Gülnar Əhmədli, Banco.az

İxtiraçılar texnoloji və elmi tərəqqinin həyata keçirilməsində mühüm rol oynayan insanlardır. Lakin əsas bir ixtirası ilə məşhurlaşan bu ixtiraçıların bəzi kəşfləri kölgədə qalır. Hamımız bilirik ki, Aleksander Qreyam Bell telefonu icad edib. Bəs onun metal detektorunu icad etdiyini də bilirsinizmi? Məşhur ixtiraları ilə tanınan ixtiraçıların az bilinən 5 ixtirasını təqdim edirik. 

1. Metal detektoru: Aleksander Qreyam Bell

1881-ci ildə ABŞ prezidenti Ceyms Qarfild vurulduqdan sonra həkimlər onun bədənindəki güllənin yerini tapmaqda çətinlik çəkirdilər. Bellin ixtirası da məhz bu hadisədən sonra baş vermişdi. Daha sonra bu cihazdan metalların yerini müəyyən etmək üçün istifadə edilib.  

2. Uzaqdan idarə olunan qayıq: Nikola Tesla

1898-ci ildə Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçı Nikola Tesla "Madison Square Garden"dəki sərgidə 1,2 metr uzunluğunda, batareya ilə işləyən, uzaqdan idarə olunan qayığını təqdim etdi. Qayığın altındakı üzgəclər onun görünməmiş sürətlə hərəkət etməsinə kömək edirdi. Tesla pultla qayığın pərvanəsini və sükanını idarə edə, hətta radio siqnallarından istifadə edərək işıqları yandıra bilirdi. O zaman çoxlarının radio dalğalarından xəbəri yox idi və bunu görənlər heyrətə gəlmişdilər.

3. Soyadan hazırlanmış avtomobil: Henri Ford 

Avtomobil istehsalçısı "Ford"un qurucusu Henri Fordun ixtiralarından biri də demək olar ki, bütün hissələri soya mənşəlli materiallardan ibarət avtomobil idi. Ford avtomobili 1941-ci ildə təqdim etdi, lakin İkinci Dünya Müharibəsi ixtiranın məşhurlaşmadan əvvəl tarixdən silinməsinə səbəb oldu.

Ən sərfəli kredit üçün müraciət et

4. Dalğıc kostyumu: Leonardo da Vinçi

Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı Leonardo da Vinçinin ixtiralarından biri də dalğıc kostyumudur. O, bunun dənizdəki hücumlara qarşı kömək edəcəyinə ümid edirdi. Kostyumun özü dəridən hazırlanmışdı və hava üçün borular var idi.

5. Robot döyüşçü: Leonardo da Vinçi

Leonardo 1495-ci ildə dişli və təkərləri olan robot döyüşçü eskizini çəkdi. 2000-ci illərin əvvəllərində mühəndis Mark Roşeim kiçik bir robot yaratmaq üçün məhz rəssamın dizaynından istifadə edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et