“Azərsığorta” niyə bağlandı? | Banco.az

“Azərsığorta” niyə bağlandı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, "Azərsığorta" ləğv edilib.  Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

Uzun müddətdir bazarda mövqeyi itən bu şirkətin bağlanma səbəbləri barədə hüquqşünas, sığorta üzrə ekspert İlkin İbrahimov Banco.az-a danışıb. Ekspert bildirib ki, spesifik sığorta şirkəti olan “Azərsığorta” digər sığorta şirkətlərindən fərqlənirdi.

“Prezident İlham Əliyev 2022-ci ilin 16 iyun tarixində “Azərsığorta”nın yenidən təşkil olunmasına bağlı fərman vermişdi. Dünənki sərəncam da həmin o fərmanın ləğv olunması ilə bağlı idi. Şirkət investisiya holdinqinə birləşdirilmişdi və inkişafı ilə bağlı məsələlər, strukturu müəyyən olunmalı idi. Lakin ölkə başçısı bunu ləğv etdi.
 Ümumiyyətlə, sığorta şirkətləri ilə bağlı problem yaranarsa  şirkətin lisenziyası geri alınır və Mərkəzi Bank tərəfindən məhkəməyə müraciət olunur.Məhkəmə də həmin məsələ ilə bağlı qərardat çıxardır və qətnamə qəbul edir.  Bundan sonrakı proseslər artıq Mərkəzi Bankın nəzarəti ilə həyata keçirilir”.

 "Azərsığorta" ilə bağlı məsələnin tamamilə başqa formada olduğunu ifadə edən ekspert deyib ki,
görünən odur ki,  bu sığorta şirkətinin öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı məsələlərdə problem yox idi.

Bəs "Azərsığorta"nın müştərilərinin problemləri ilə bundan sonra hansı şirkət maraqlanacaq?

“Bu işlər ilə bağlı məsələlərdə vətəndaşlar birbaşa sığorta şirkətinə müraciət edəcəklər. Müştərilərin öhdəliklərlə bağlı problemləri olmayacaq. Qüvvədə olan müqavilələr bitənə kimi onlar bu xidməti göstərəcəklər.  Bir sözlə vətəndaşlar sığorta hadisəsi baş verdikdə yenə də “Azərsığorta”ya müraciət edəcəklər”.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən mediyaya edilən açıqlamada bildirilib ki, şirkətin portfeli "Qala Sığorta" şirkətinə ötürülüb.

Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi "Qala Sığorta"nın nümayəndələri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə “Azərsığorta”nın yığım portfeli 28,8 milyon manat təşkil edib. Sığorta şirkəti 2023-cü ildə ümumilikdə 16,6 milyon manat ödəniş edib.

 “Azsığorta” ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatına görə, şirkət 7.799 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.757 mln. manat və ya 26% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 10.556 mln. manat təşkil etmişdir. Şirkət 2023-cü ilin yanvar-oktyabr ayında 7.188 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.630 mln. manat və ya 27% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 9.818 mln. manat təşkil etmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram