2024-cü ildə dünyada işdən çıxarılma dalğası səngiməyəcək | Banco.az

2024-cü ildə dünyada işdən çıxarılma dalğası səngiməyəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün Avropa ölkələrində şirkətlər işçilərini ixtisar etməklə iqtisadi problemlərinin həlli yollarını axtarırlar.

Banco.az xəbər verir ki, əsasən texnologiya şirkətlərində ixtisar tendensiyası ilin ilk ayında da davam etdiyi müşahidə edilib.

Yüksək inflyasiya şəraitində faiz dərəcələrinin artması şirkətlərin xərclərini artırır. Şirkətlər xərclərini azaltmaq üçün addımlar atmağa davam edirlər.

Çünki şirkətlər artıq iş yükünü asanlaşdırmaq üçün süni intellektə və avtomatlaşdırmaya müraciət ediblər. Bu, 2024-cü ildə işdən çıxarılmaların davam edəcəyinə dair işarələri artırır.

Şirkətlər yeni ilə işdən çıxarmalarla başlayıb

Görünən odur ki, ötən il sürətlənən ixtisarlar yeni ildə də səngiməyəcək. "Google", "Amazon", "Twitch", "Wayfair", "Macy's", "Citigroup" və "eBay" bu il işdən çıxarma qərarları ilə başlayan şirkətlər arasındadır.

Google

Dünyanın ən böyük axtarış sistemi olan "Google", aparat bölməsi də daxil olmaqla, müxtəlif departamentlərdən yüzlərlə əməkdaşını ixtisar etmək qərarına gəlib. "Google"tərəfindən edilən şərhdə, yüzlərlə işçinin texniki, səs köməkçisi və mühəndislik bölmələri kimi müxtəlif departamentlərdən ixtisar ediləcəyi bildirilib. Açıqlamada şirkətin ən böyük prioritetlərinə investisiyaların ediləcəyi qeyd edilib. Bundan əlavə, şirkət reklam satış komandasında yüzlərlə işçini ixtisar edəcəyini açıqlayıb.

Amazon

ABŞ-ın pərakəndə satış nəhəngi Amazon-un Prime Video və Amazon MGM Studios bölmələrində yüzlərlə işçini ixtisar edəcəyi bildirilir.

Prime Video və Amazon MGM Studios-un baş vitse-prezidenti Mike Hopkins işçilərinə yazdığı qeyddə sənayenin sürətlə inkişaf etməyə davam etdiyinə diqqət çəkib və uzunmüddətli uğur üçün investisiyalara üstünlük verilməsinin vacibliyini vurğulayıb. İnvestisiyaları artırarkən müəyyən sahələrdə investisiyaları azaltmaq və ya dayandırmaq imkanlarını da müəyyənləşdirdiklərini ifadə edən Hopkins, bu qərarlar nəticəsində Prime Video və Amazon MGM Studios təşkilatında yüzlərlə işçinin işdən çıxarılacağını bildirib.

Twitch

Amazon-a məxsus Twitch-in də işçilərinin təxminən 35 faizini ixtisar edəcəyi bildirilib.

eBay

E-ticarət saytı "eBay", işçi qüvvəsinin 9 faizini təşkil edən təxminən 1000 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Duolingo

Dil öyrənmə proqramları hazırlayan təhsil texnologiyaları şirkəti "Duolingo", dil öyrənmə və məzmun istehsalı üçün süni intellektin istifadəsinə keçərkən işçilərinin 10 faizini ixtisar etmək qərarına gəlib.

Macy's

ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Macy's", daha müasir bir şirkət olmaq üçün işçilərini 3,5 faiz ixtisar edəcəyini açıqlayıb.

Wayfair

Mebel və məişət əşyaları satışı ilə məşğul olan Amerika elektron ticarət şirkəti "Wayfair" 1650 işçisini işdən çıxaracağını açıqlayıb.

Citigorup

ABŞ-ın ən böyük banklarından biri olan "Citigroup" orta müddətli dövrdə 20 min işçisini işdən çıxaracağını açıqlayıb.

Blackrock

ABŞ-da yerləşən qlobal investisiya idarəetmə şirkəti "Blackrock", hazırkı işçi qüvvəsinin təxminən 3 faizini ixtisar edəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram