Müəllif: Tamara Mustafayeva, Banco.az
Qırmızı dəniz vasitəsilə buğda nəqli 40 faiz azalıb.
Banco.az xəbər verir ki, qlobal dəniz ticarətinin 10 faizi, dəniz konteyner ticarətinin isə 20 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirərək Avropa və Asiya arasında ən qısa marşrutu təqdim edən və Süveyş kanalını əhatə edən Qırmızı dəniz vasitəsilə həyata keçirilir.
İranın dəstəklədiyi Yəməndə husilərin Qırmızı dənizdə İsraillə əlaqəsi olan ticarət gəmilərinə hücumları gəmiçilik şirkətlərinin marşrutlarını Ümid burnuna dəyişməsinə səbəb olub ki, ABŞ və Böyük Britaniyanın husilərə qarşı başlatdığı hücumlara görə gəmilərə bölgədən uzaq durmaq tövsiyə olunur.
Gəmilərin Afrikanın cənubundakı Ümid burnuna gedən marşrutunun dəyişdirilməsi səyahət vaxtının 10-14 gün uzadılması və 4 min dəniz mili (6 min 500 kilometr) daha çox yol qət edilməsi deməkdir. Belə uzun səyahət yanacaq xərclərini, o cümlədən sığorta xərclərini və çatdırılma müddətini artırır.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) açıqladığı məlumatlara görə, Süveyş kanalından daşınan taxıl və yağlı bitkilərin həcmində azalma müşahidə olunur. Süveyş kanalı ilə taxıl və yağlı bitkilərin daşınması 2023-cü ilin noyabrında 7,2 milyon ton olan səviyyə ilə müqayisədə 2023-cü ilin dekabrında 18 faiz azalaraq 5,9 milyon tona düşüb.
Qırmızı dənizdə buğda ticarətinin həcmi azalarkən, bu ayın ilk yarısında Süveyş kanalından yayınaraq alternativ yollarla 0,3 milyon ton buğda daşınıb.
ÜTT-nin məlumatına görə, marşrutlarını dəyişən gəmilərin sayı artsa da, bu, Aİ, Rusiya və Ukraynadan Asiya və Şərqi Afrika ölkələrinə buğda daşınmalarına məhdud təsir göstərib. Belə ki, bu ayın birinci yarısında sözügedən ölkələrdən buğda axını ötən ilin eyni dövrü ilə eyni səviyyədə qalaraq 0,8 milyon ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!